Ötən seçkilərin cəzasını Kamal Kılıçdaroğlu ödədiyi kimi bu seçkilər də Meral Akşeneri “yemiş” kimi görünür
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli idarəetmə seçkiləri ilə bağlı AKP-nin Mərkəzi Qərargahında vətəndaşlara müraciət edib. Ərdoğan müraciətində seçki məğlubiyyətinə bu cür reaksiya verib: “Əziz millətim, əziz ankaralılar, əziz qardaşlarım, sizi ən səmimi hisslərimlə, sevgim və hörmətimlə salamlayıram. Eyni zamanda buradan bütün Türkiyəni və 85 milyonun hər bir fərdinə hörmətlə salamlarımı çatdırıram. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi ilk növbədə bizim demokratiyadır". Türkiyə lideri vurğulayıb ki, martın 31-də keçirilən seçkilər son 22 ildə 18-ci seçki imtahanı olub: "14-28 may seçkilərindəki qələbədən 9 ay sonra, təəssüf ki, yerli seçki imtahanında istədiyimiz və ümid etdiyimiz nəticəni ala bilmədik. AKP və "Cümhur İttifaqı" olaraq bu seçki üçün əvvəlkilər kimi intensiv şəkildə hazırlaşdıq. Qardaşlarım, bu günə kimi həmişə demokratiyanın, milli iradənin, düzgün seçkinin tərəfində olmuşuq. Bu gün də eyni məsuliyyət hissi ilə hərəkət edirik. Biz millətin möhtəşəm iradəsindən üstün olan heç bir güc tanımırıq". Ərdoğan qeyd edib ki, Türkiyənin qarşısında xəzinədən də dəyərli daha 4 il var: "Hamımızın birlikdə bu vaxtdan səmərəli istifadə etməyimiz vacibdir. Millətin, məmləkətin vaxtını alacaq müzakirələrlə bu dövrü sərf edə bilmərik. Hakimiyyətin 21-ci ilini başa vurmuş bir siyasi partiya olaraq həm hökumətdə, həm də yerli özünüidarəetmə orqanlarında üzərimizə düşən vəzifələrin fərqindəyik. Biz daha çox ölkəmizin aktual məsələlərinə, xüsusilə zəlzələ zonasının dirçəldilməsinə, iqtisadi problemlərimizin aradan qaldırılmasına diqqət yetirəcəyik”. İstanbul bələdiyyəsinə sədrliyi yenidən yüksək səslə qazanmış Əkrəm İmamoğlu deyib ki, "tək adamlıq sistem, idarəetmə keçmişdə qaldı". O, "Türkiyə qazandı, demokratiya zəfər çaldı" söyləyib və İstanbul bələdiyyəsinin əvvəlki kimi fəaliyyət göstərəcəyini bildirib.
“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər deyib ki, Türkiyədə seçkilərdə partiyalar yarışsalar da, xalq namizədlərə səs verir. Onun sözlərinə görə, prezident seçkilərində ölkə idarəetməsini Ərdoğana etibar etdikləri kimi yerli idarəetmədə istədikləri namizədi seçirlər:
"Məsələn, İYİ Partiya bu seçkinin əsas məğlublarından olsa da, Rasim Arı Nevşəhərdə qalib oldu. Eləcə də bu seçkinin sürprizi olan Yenidən Rəfah faktiki olaraq, Urfa və Yozgat böyük şəhər bələdiyyələrini AK Partiyadan alaraq, gücünü ortaya qoydu. Həm ölkənin mövcud iqtisadi çətinliyi, həm mütləq gücün bir əldə toplanmasından duyulan narahatlıq səhv namizədlə üst-üstə düşüncə, ortaya belə mənzərə çıxa bilir. Əslində, ilk dönəmlərində heç bir başarılı fəaliyyətləri ilə yadda qalmasalar da, sadalanan səbəblərdən İstanbul, İzmir və ya Ankarada sürpriz gözlənilmirdi. Ancaq bu seçkilər sağda AK Partidən daha radikal, daha mühafizəkar Yenidən Rəfahın ortaya çıxmasına səbəb oldu. Eyni zamanda MHP əvvəlki seçkilərə nisbətdə daha çox şəhərdə qələbə qazandı. AK Partiya ötən seçimdə itirdiklərini qazana bilməsə də, təsəlli kimi Hatay kimi CHP qalasını ala bildi. PKK-nın siyasi qanadı isə yenə Türkiyənin cənub-şərqində mövqeyini qorumaqla yanaşı böyük şəhərlərdə CHP ilə gizli ittifaqını davam etdirdi".
"Bu seçkilər növbədənkənar seçkiləri bərabərində gətirə bilərmi" sualına isə A.Ələsgərin cavabı belə olub: "Bunu bələdiyyə seçkilərinin nəticələrindən daha çox mövcud iqtisadi durumun hansı istiqamətə doğru inkişafı göstərəcək. Ancaq ötən seçkilərin cəzasını Kamal Kılıçdaroğlu ödədiyi kimi bu seçkilər də Meral Akşeneri “yemiş” kimi görünür. Yəni sağda Ərbəkan yüksələrkən, Akşener “əridi”. CHP isə içindəki təlatümlərə və partiyanın faktiki bölünməsinə rəğmən ölkə birincisi olması ilə tarixində Ecevit dönəmindən sonra ən böyük uğuru qazandı. Bu həm də, Kamal Kılıçdaroğlu tərəfdarlarının seçki sonrası Özgür Özəli yıxma qurultayı keçirtmək xəyallarını dəfn etdi. Görünən odur ki, düzgün namizəd seçimi Özgür Özəlin də kreslosunu möhkəmləndirdi".