Gülağa Aslanlı: "İsa Qəmbərin namizəd olmasını istəyənlər var. Amma..." - AÇIQLAMA

"Qurultayın günü dəqiqləşməyib"


"Qaynarinfo"da yayılan xəbərə görə, Müsavat Partiyası qurultayını may ayının 4-ə təyin edib. Aprelin 30-da qərargahda keçirilən iclasda bu barədə qərar verildiyi vurğulanıb. İclasda çıxış edən Məclis sədri Nüşabə Sadıqlı Musavat Partiyasının sabiq rəhbəri İsa Qəmbərin yenidən başqanlığa namizəd olması təklifi ilə çıxış edib. Divan üzvləri də Məclis sədrinin təklifini dəstəklədiyini vurğulayıblar. Bundan əlavə, qurultayla bağlı partiyanın rayon təşkilatlarında keçirilən ümumi yığıncaqlarında da İsa Qəmbərin yenidən namizədliyini irəli sürməsi ilə bağlı çox saylı üzvlərdən müraciətlər daxil olduğu diqqətə çatdırılıb. Məlumata görə, İsa Qəmbər isə bu etimada görə partiya üzvlərinə təşəkkür edib və təklifləri nəzərdən keçirəcəyini, düşünəcəyini və yaxın günlərdə qərarını açıqlayacağını bildirib.

Yayılan informasiya ilə bağlı "Sherg.az"a açıqlama verən Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı Müsavat Partiyasının qurultayının may ayında keçirilməsi baradə qərar qəbul edildiyini təsdiqləyib: 

"Qurultayla bağlı qərar qəbul edilib. Amma gün dəqiqləşdirilməyib. İsa Qəmbərin namizəd olmasını istəyənlər var. Amma qərarı İsa bəy özü verəcək. Onun qərarını mən eşitməmişəm. Yaşayarıq görərik".