Paşinyan: Ermənistan və Rusiya arasında münasibətlər çətin dövrdən keçir

Ermənistan-Rusiya münasibətləri çətin dövrdən keçir, lakin bu münasibətlər Ermənistanın dövlətçiliyi, iqtisadiyyatı və təhlükəsizliyi üçün xüsusi əhəmiyyət kəsb edir.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Hökumət başçısı qeyd edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətlərdə heç bir səhvə yol verməyib və elə bir hal yoxdur ki, orada tərəfdaşları Ermənistanı öz öhdəliklərini yerinə yetirməməkdə ittiham etsinlər, amma bunun əksini göstərən hallar az deyil: "Amma onu da vurğulamaq istəyirəm ki, biz Rusiya ilə mübahisə etmək istəmirik. Həm də ona görə yox ki, bizim belə imkanımız və gücümüz yoxdur, ona görə ki, biz münasibətlərimizdə olan müsbət cəhətləri yüksək qiymətləndiririk".