Bayramovun Minsk səfərinin PƏRDƏARXASI

Aprelin 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Əli Zülfüqaroğlu deyib ki, Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Minskə səfər edir.

"Hesab edirəm ki, bu toplantı MDB ölkələri arasında ikitərəfli münasibətlərin tənzimlənməsi və inkişafı əhəmiyyətlidir. Səfərdən Ceyhun Bayramovun həm Belarus, həm də digər ölkələrinin xarici işlər nazirləri, hökumət təmsilçiləri ilə müzakirələri gözlənilir. Azərbaycanın MDB qurulandan bəri oranın üzv ölkələri ilə yaxşı münasibətləri var. Xüsusilə, son zamanlar Türk dövlətləri ilə Azərbaycan arasında kifayət qədər sıx münasibətlər qurulub. İndi Azərbaycan Türk Dövlətləri Birliyinin inkişafı üçün birləşdirici və mərkəzi dövlət rolunda çıxış edir. Digər tərəfdən Azərbaycan Belarusla da yaxın münasibətlərə malikdir. Biz bilirik ki, Qarabağın işğal altında olduğu dönəmlərdə belə Belarus Azərbaycana dəstək verib. Eyni zamanda Rəsmi Bakı və Minsk arasında iqtisadi sahədə də əlaqələri yaxşı inkişaf edir. Hesab edirəm ki, Ceyhun Bayramovun bu səfəri Azərbaycanın Belarus və MDB ölkələri daha da yaxın olmasına təkan verəcək".

Yusif Məmmədxanlı