Qərbin şərtlərinə boyun əyən Paşinyan: Sabitliyi pozmaq cəhdləri - RƏY

Dünyada gedən proseslər hər birimizin gözü önündədir. Faktiki olaraq Üçüncü Dünya müharibəsi gedir. Belə ki, bu günlərdə İsrailin İranın konsulluq binasına raket atəşi və Tehranın gözlənilən reaksiyası beynəlxalq aləmdə daşları yerindən oynadıb, Rusiya-Ukrayna müharibəsi arxa plana keçib. İsrail-İran müharibəsinin müxtəlif ölkələrin qərarlarına təsirləri hesablanır, qığılcımın sıçrayacağı dövlətlərin adları çəkilir. 
 Dünyanın dörd bir yerində cərəyan edən gərginliklər, hərbi toqquşmalar, münaqişələrə qoşulan ölkələrin sayı da buna dəlalət edir. Dünya qütbləşdikcə qarşıdurmalar da dərinləşir. 
Bütün bu proseslər fonunda Azərbaycan öz sabitliyini və suverenliyini qoruyub saxlayır. Ölkəmiz Cənubi Qafqazın təhlükəsizlik adası hesab edilir. 
Çünki ölkə prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan xarici siyasət strategiyası isə milli təhlükəsizliyin fundamenti - möhkəm sütunlarından biridir. Başqa sözlə, Azərbaycan Liderinin uğurlu xarici siyasəti və ya dərin strateji diplomatiya siyasəti Azərbaycanın gücünü artırır, nüfuzunu yüksəldir, təhlükəsizlik mühitini gücləndirir.
Dövlət başçısı prinsipial, ardıcıl, milli maraqlara yönəlik siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir.
Bunu artıq bütün dünya görür və bilir. Əlbəttə, biz müstəqil olmasaydıq, bəlkə də proseslər fərqli cərəyan edərdi. 
Hansı ki indinin özündə də Cənubi Qafqazın döyüş arenasına çevrilməsi planlarının işə salındığı müşahidə olunur. Bu məsələdə Ermənistandan da bir alət kimi istifadə edilir.
Əslində tarixin istənilən gərgin dönəmində ermənilər həddən ziyadə aktivləşib, böyük güclərin dəstəyi ilə xəstə iddialarını reallaşdırmağa çalışıblar. 
35 il əvvəl SSRİ-nin dağıdılması üçün etnik münaqişələrdən məharətlə istifadə edən  
Qərb ermənilərə o qədər meydan verdi ki, xəstə təxəyüllü ultramillətçilər “dənizdən-dənizə Böyük Ermənistan” eşqinə düşmüşdülər. 
Tarix yenə təkrar olunur. Rusiya-Ukrayna müharibəsindən istifadə edən Qərb Cənubi Qafqazda sabitliyi pozmaq və regional güc balansını öz xeyrinə dəyişmək üçün Ermənistandan maşa kimi istifadə edir. Bunun üçün də Ermənistana müxtəlif vədlər verir. Guya ki, lazım gəlsə, NATO əsgərləri gəlib Ermənistanda ruslara və türklərə qarşı vuruşacaq. 
 Ermənistanın baş naziri Nikol Paşinyan isə hakimiyyətdə qalmaq üçün məmnuniyyətlə Qərbin şərtlərinə boyun əyir.
 
Politoloq Məhəmməd Əsədullazadə isə "Sherg.az" a açıqlamasında deyib ki, 
44 günlük müharibə və ondan sonrakı dövr ərzində ərazi bütövlüyünü və suverenliyi bərpa edən Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik diyarıdır:

"Hər nə qədər Qərb ölkələri mane olmağa çalışsa da, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar davam edir. Lakin Azərbaycanın həm şimaldan, həm də cənubdan dünyanın ən problemli ölkələri ilə həmsərhəd olması bu gərginliklərin Cənubi Qafqaza sıçrama ehtimalını yaradır. 
Rusiya Ukraynada işğal siyasətini genişləndirdikcə Cənubi Qafqazda təhlükəsizlik təhdid edilir. Azərbaycana da müəyyən təzyiqlər ola bilər. 
İran-İsrail arasında davam edən hərbi gərginlik fonunda İran Azərbaycanın İsraillə əməkdaşlığını hədəf alması riskini meydana çıxır. Bu mənada Azərbaycan İsrail-İran qarşıdurmasının və mümkün müharibəsinin müxtəlif nəticələrinə hazır olmalıdır. Sözsüz, Azərbaycan qonşuluğunda müharibə istəmir, ancaq Tehranın illərdir Azərbaycan əleyhinə açıq və gizli təbliğatını, Ermənistana dəstəyini, hətta indiki qarışıq vəziyyətdə İran təyyarələrinin qonşu dövlətə hərbi texnika daşımasını arxa plana ata bilmərik.
Şübhəsiz, prosesdə qərb ölkələrinin də xüsusi "səy"ini də unutmamaq lazımdır. Ermənistana vədlər verərək Azərbaycanla danışıqlardan çəkindirir, hərbi təxribatlara rəvac verirlər. Lakin istədiklərinə heç vaxt nail ola bilməyəcəklər. Azərbaycan prezidentinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün təhlükələr neytrallaşdırılıb. 
Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və həmrəylik amilidir.
Bilirsiz ki, hərbi toqquşmaları irqçilik, ksenofobiya kimi təhlükəli meyillər süni şəkildə alovlandırır nəticədə, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür. Azərbaycan multikulturalizmin, dini və mədəni tolerantlığın güclü dayaqlara malik olduğu, bütün ölkə vətəndaşlarının birgə və həmrəylik şəraitində yaşadığı unikal ölkələrdən biridir. Ən əsası isə hökumət qonşu ölkələrlə quru sərhədləri bağlı saxlayaraq bizi gözləyən bütün risklərdən dövlətimizi sığortalamış oldu. 
Təbii ki, ölkənin daxili siyasətində əldə olunan bu nailiyyətlər Azərbaycana uğurlu xarici siyasət kursu həyata keçirməyə imkan verir.
Xüsusən də Azərbaycanla Türkiyə arasındakı Şuşa Bəyannaməsi, ölkəmizin Avropa ilə Asiya arasındakı əsas nəqliyyat qovşağı rolu oynaması təhlükə riskini azaldır".