Hakan Fidan Blinkenlə bölgədəki mövcud vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, söhbət zamanı İranın İsrailə qarşı hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.

Hakan Fidan regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatıq hissi keçirdiklərini ifadə edib.

O, Türkiyənin İsrail-Fələstin qarşıdurması başladıqdan bəri bunun regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkərək, problemin kökündə məhz bu qarşıdurmanın dayandığını bildirib. Hakan Fidan təcili olaraq atəşkəsin elan edilməsi və Qəzza zolağına humanitar yardımların fasiləsiz çatdırılmasının zəruriliyini vurğulayaraq, əks halda böhranın böyüməyə davam edəcəyi ehtimalını xatırladıb.

Türkiyəli nazir gərginliyin artmasının qarşısının alınması baxımından təsirli ölkələrin İsrail-Fələstin məsələsində doğru mesajlar vermələrinin vacibliyini qeyd edib.