İran-İsrail  müharibəsi olarsa, Azərbaycan prosesdən kənar qala bilməyəcək - Hərbi ekspert

"Siyasi addımlarımızı yüz ölçüb, bir biçməliyik. İranın diqqətinə çatdırılmalıdır ki, İrana qarşı  heç vaxt Azərbaycan ərazisindən istifadəyə imkan verməyəcək"

İsrailin İranın konsulluq binasına raket atəşi və Tehranın gözlənilən reaksiyası beynəlxalq aləmdə daşları yerindən oynadıb, dünya qütbləşdikcə qarşıdurmalar da dərinləşir. İsrail-İran müharibəsinin müxtəlif ölkələrin qərarlarına təsirləri hesablanır, qığılcımın sıçrayacağı dövlətlərin adları çəkilir.  Dünyanın dörd bir yerində cərəyan edən gərginliklər, hərbi toqquşmalar, münaqişələrə qoşulan ölkələrin sayı da buna dəlalət edir. 
Ekspertlər isə hesab edir ki, əgər bu iki dövlət arasındakı ziddiyyətlər genişmiqyaslı hərbi əməliyyatlara çevrilsə, heç şübhəsiz bundan təsirlənən ilk dövlətlərdən biri də biz olacağıq. 


Ehtiyatda olan Polkovnik, hərbi ekspert  Üzeyir Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, iki ölkə arasında münaqişə olsa da, hərbi eskalasiya riski minimaldır: 
“Çox güman ki, tərəflər arasında gərginlik olacaq, hədələr səsləndiriləcək, amma bunun genişmiqyaslı toqquşmayla nəticələnəcəyinə inanmıram. Çünki İran 80-ci illərdə İraqla müharibə etdi. İndi silahlar da köhnəlib, imkanlar da əvvəlki kimi deyil. Təəssüflər olsun ki, İranın bəzi generalları da məsuliyyətsiz bəyanatlar səsləndirirlər”. 

Hərbi analitik hesab edir ki, İran öz davranışlarında ehtiyyatlı və diqqətli olmalıdır: 

“Biz hər zaman bunu demişik ki, İran öz qonşularıyla münasibətlərini normal səviyyəyə çatdırmalıdır, lakin bu gün biz bunu görmürük. İran tərəfinin bəzi addımları onu deməyə əsas verir ki, bu ölkə bəzi səhvlərindən ciddi nəticələr çıxarmaq istəmir. Onu da deyim ki, 70-ci illərdən üzü bu yana İranla- İsrail arasında “soyuq müharibə” gedir.  Amma aradakı gərginlik heç vaxt bu həddə çatmamışdı.
Faktiki olaraq , BMT-nin Təhlükəsizlik Şurası İsrailə İranı vurmaq üçün hüququ şans verdi.  BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən İsrail bundan sonra  İrana qarşı özünü müdafiə hüququndan istifadə edəcək. 
Bəzi ekspertlər bəyan edir ki, bu proses İranla İsrail arasında razılaşdırılmış “hücum əməliyyatı”dır. Lakin razılaşdırılmış oyunda bu  qədər hərbi texnika, maddi vəsait xərclənmir.  ABŞ İordaniya, Böyük Britaniya kimi dövlətlərin İsrailə dəstəyi olmasaydı bu hücumun fəsadları çox ağır olacaqdı”. 

Hərbi ekspertin sözlərinə görə, İranla İsrail arasındakı qarşıdurma müharibəylə sonlansa Azərbaycan heç bir halda bu prosesdən kənara qala bilməyəcək: 

“Azərbaycan  Xarici İşlər Nazirliyinin  (XİN)  xətti ilə İran - İsrail arasında artan gərginlikdən narahat olduğunu bəyan edib.  Tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırıb. İsrail bizim strateji tərəfdaşımızdır, eyni zamanda İsraildə xeyli sayda azərbaycanlı soydaşlarımız  yaşayır. İran isə qonşu dövlətdir və İran ərazisində məskunlaşan milyonlarla güney  azərbaycanlı var. Hesab edirəm ki, Azərbaycan siyasi addımlarını yüz ölçüb bir biçməlidir. Eyni zamanda da ölkə rəhbərliyi İranın diqqətinə çatdırmalıdır ki, İrana qarşı  heç vaxt Azərbaycan ərazisindən istifadəyə imkan verilməyəcək. İndiyə qədər İran çox narahat idi ki, Azərbaycan ərazisindəki “sionist” qüvvələr  İrana qarşı hansısa addımlar atacaq”.  Şəymən