Viza rejiminin aradan qaldırılması inkişaf edən münasibətlərdən xəbər verir -RƏY

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

İki ölkə arasında viza rejiminin ləğv olunmasını dəstəklədiyini deyən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov "Sherg.az"a bildirib ki, artıq Azərbaycan və Albaniya əhalisi vətəndaş pasportu ilə hər iki istiqamətə səfər edə biləcəklər:
"İstənilən halda viza rejiminin aradan qaldırılması inkişaf edən münasibətlərdən xəbər verir. Təbii ki, Azərbaycan Albaniya ilə əlaqələrlə miqrasiya mübadiləsinin intensiv olmasına maraqlıdır. Albaniya Avropa ölkəsidir və turistik potensialları mövcuddur. Müəyyən nüansların üst-üstə düşməsi viza rejiminin aradan qaldırılması ilə nəticələnir. Bu faktor birbaşa miqrasiya mübadiləsinə təsir göstərə bilər. Doğrudur, bu istiqamətdə digər qonşu ölkərdə olduğu kimi miqrasiya mübadiləsi yoxdur. Zamanında Albaniya qapalı ölkə olduğu üçün ora səfər edənlərin sayı az olub. Artıq getdikcə bir sıra ölkələr üçün mövcud olan viza rejimi aradan qaldırılır. Məsələn, keçən il Rusiya ilə Albaniya arasında da viza rejimi ləğv olunub. Albaniya bununla turist axınında maraqlı olduğunu nümayiş edir. Eyni ilə ölkəmizdə də buradan gələ biləcək miqrant rejimi arta bilər".

Şura sədri onu da qeyd edib ki, təcrübələrə əsasən hansı ölkələrlə mövcud viza rejimi sərtdirsə, o zaman miqrasiya səviyyəsi aşağı düşür: 
"Azərbaycanın Avropanın bir sıra dövlətləri ilə viza rejimi yoxdur. Ona görə də son illər həmin ölkələr ilə miqrasiya mübadiləsinin artdığını görürük. Ancaq viza rejimi olmayan Rusiya, Türkiyədən Azərbaycana daha çox turistlər gəlir. Çünki gediş-gəliş rahatdır, vizaların alınmasında bürokratik əngəllər yoxdur".