Japarovun səfəri: Mövqelər üst-üstə düşür

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur
 
Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasındakı əməkdaşlığa və türk dövlətləri arasındakı inteqrasiyaya töhfə verəcək
 
 
 Aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib. Prezident İlham Əliyev deyib ki, səfərin yekunları ölkələrimiz və xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcək. Dövlət başçısı qeyd edib ki, həm ikitərəfli münasibətlərin inkişafı məsələlərində, həm də beynəlxalq təşkilatlarda iştirakla bağlı məsələlərdə, beynəlxalq strukturlar çərçivəsində qarşılıqlı dəstək üzrə mövqelər üst-üstə düşür: "Prinsip etibarilə ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üzrə iş heç vaxt dayandırılmayıb. Müvafiq nazirliklər, idarələr daimi təmasdadırlar, fəal qarşılıqlı fəaliyyət göstərirlər və müntəzəm məsləhətləşmələr keçirirlər. Ona görə də əminəm ki, bugünkü səfər həm də nazirlər üçün qarşılıqlı fəaliyyətimizin aktual məsələlərinin müzakirəsinə imkan yaradacaq. Bu gün Sizinlə artıq investisiya sahəsində əməkdaşlığın perspektiv məsələlərini müzakirə etdik və dediyim kimi, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərini artırırıq, çünki bu imkandan istifadə etmək istəyən biznesmenlərdən çoxlu müraciətlər daxil olur. Beləliklə, zənnimcə, bu, investisiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm aləti olacaq. Həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Qırğızıstanın bu sahədə böyük potensialı var və Azərbaycan şirkətləri bərpaolunan enerji sahəsində işləməkdə maraqlıdır. Bu gün bu mövzunu da müzakirə edəcəyik. Əlbəttə, biz gələcəkdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artırılmasına ümid edirik. Bunun üçün perspektivlər mövcuddur. Bu gün imzalanacaq sənədlər bu istiqamətdə yaxşı baza yaradacaq. Əlaqələrimizi daha böyük məzmunla tamamlamaq üçün, əlbəttə, gələcəkdə nəqliyyat sahəsində də fəal əməkdaşlıq edəcəyik. Çünki həm Qırğızıstanda, həm də Azərbaycanda nəqliyyat sahəsində iri infrastruktur layihələri həyata keçirilir, fəaliyyətimizin birləşdirilməsi və əlaqələndirilməsi yeni dəhlizlər açmaq, yeni nəqliyyat arteriyaları yaratmaq üçün müstəsna dərəcədə əhəmiyyətlidir".
 Mətbuata birgə bəyanatda Prezident İlham Əliyev əlavə edib ki, Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur. Dövlət başçısı deyib ki, Azərbaycan və Qırğızıstan iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir: "Bu gün əmtəə dövriyyəsinin bir neçə dəfə artması rəqəmləri səsləndi. Hələ ki, mütləq rəqəmlər çox böyük olmasa da, amma potensialın artması tendensiyası mövcuddur". Prezident vurğulayıb ki, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb: “Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf  Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə - 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib”.
 Qırğızıstan Prezidenti Sadır Japarov da xüsusi vurğulayıb ki, qardaş ölkələrimiz arasında münasibətlər möhkəm bünövrə - xalqlarımızın dərin tarixi və mənəvi əlaqələri üzərində qurulub: "Biz Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müntəzəm surətdə davam etməsi baxımından bu səfərə böyük əhəmiyyət veririk. Qırğızıstan gələcəkdə də dövlətlərarası münasibətlərin yüksək səviyyədə və hökumətlərarası, regionlararası və gələcək əməkdaşlıq mexanizmləri üzrə sonrakı inkişafına hazırdır. Məhdud formatda görüşdə biz artıq əməkdaşlığımızın bir çox mühüm məsələlərini müzakirə etdik".
Qırğızıstan prezidenti bildirib ki, imzalanan strateji tərəfdaşlıq əlaqələrinin qurulmasını nəzərdə tutan birgə bəyanat ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə şərait yaradır. O, həmçinin ölkəsinin sabah Ağdamda təməli qoyulacaq orta məktəb binası inşa etmək təşəbbüsünün münaqişələrdən əziyyət çəkən regionlarda sülhün bərpasına verdiyi töhfə olduğunu bildirib. Sadır Japarov deyib ki, danışıqlarda Qırğızıstan-Azərbaycan arasında İqtisadi və Humanitar Əməkdaşlığa dair Birgə Komissiyasının iclasının keçirilməsi barədə də razılıq əldə olunub. Japarov müzakirələrdə eyni zamanda qarşılıqlı ticarət dövriyyəsinin artırılması, eləcə də əməkdaşlığın gələcək perspektivləri, habelə, Mərkəzi Asiya və Cənubi Qafqazdan keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına dair məsələlərə də toxunulduğunu bildirib, imzalanan sənədlərin əhəmiyyətindən danışıb: "Bu gün müxtəlif sahələrdə birgə fəaliyyətə dair bir sıra sənədləri də imzaladıq. İmzalanan sənədlərin arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına dair imzalanan və ortamüddətli perspektivdə ikitərəfli əməkdaşlığın inkişafında yol xəritəsi qismində istifadə olunacaq beşillik kompleks fəaliyyət proqramını da qeyd etmək istərdim. Eyni zamanda Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli vergitutmadan imtina və gəlir vergisinin ödənilməsindən yayınmanın qarşısının alınmasına dair imzalanan və hər iki ölkənin təsərrüfat subyektləri arasında birgə iqtisadi fəaliyyətin həyata keçirilməsində mühüm əhəmiyyət daşıyan razılaşmanı da qeyd etmək istəyərdim. Biz mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından məmnun olduğumuzu bildirdik".
 Qeyd edək ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycanla Qırğızıstan arasında əlaqələr bütün dövrlərdə dostluq və qardaşlıq prinsiplərinə söykənib. Son illər isə msünasibətlər çoxşaxəli şəkil alıb, xalqlarımız arasında əlaqələr isə daha da dərinləşib. Burada Türk Dövlətləri Təşkilatı çərçivəsində qurulan əlaqələr də xüsusi önəm kəsb edir. Əminliklə deyə bilərik ki, türk ölkələri və xalqları arasında münasibətlərin daha da istiləşməsi, inteqrasiyanın sürətlənməsi, dövlətlərarası əlaqələrin strateji xarakter alması Türk Dövlətləri Təşkilatının inkişafına da əhəmiyyətli töhfələr verir. Qırğızıstan prezidenti birinci dəfə deyil ki, ölkəmizə səfər edir. Hörmətli Sadır Japarov bundan əvvəl, 2023-cü il noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfər edib. Azərbaycanla Qırğızıstan arasında  iqtisadi, humanitar və informasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Türk dövlətləri, o cümlədən Qırğızıstanla əməkdaşlığının geniş perspektivləri var.

 Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasındakı əməkdaşlığa və türk dövlətləri arasındakı interqasiyaya töhfə verəcək: 
"Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekə səfər edərək Qırğızıstan prezidenti ilə görüşmüşdü. Türk inteqrasiyasının nüvəsini Türkiyə-Azərbaycan ittifaqı təşkil edir. Qazaxıstan və Özbəkistanın türk ittifaqına marağı artıb. Astana və Daşkənd Moskva və Pekinlə sıx münasibətlərə malik olsalar da, xarici və təhlükəsizlik siyasətini şaxələndirməyin doğru olduğu qənaətindədirlər. Qırğızıstan da bu prosesdə geri qalmaq istəmir. Qırğızıstan Özbəkistan və Qazaxıstan qədər imkanlı dövlət olmasa da, Bişkək Astana və Daşkənd kimi Qarabağda əlini daşın altına qoymağa qərar verib, Ağdamın Xıdırlı kəndində məktəb binasının tikintisini həyata keçirəcək".

 İqtisadçı-ekspert Eldəniz Əmirov deyib ki, 2017-ci ildə Qırğızıstanla ticarət dövriyyəmiz cəmi 1.7 milyon dollar olub. Lakin 2022-ci ildə bu göstərici 5 dəfə artaraq 10.8 milyon dollara çatıb: 
"Ötən il isə daha fantastik artım olub. 2023-cü il ərzində Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 6 dəfə və ya 54,1 milyon ABŞ dolları artaraq 64,9 milyon dolları keçib. Bunun 59,3 milyon dolları ixracın payına düşüb. Bu da 2022-ci ilin eyni göstəricisindən 12,5 dəfə və ya 54,6 milyon dollar çoxdur. Statistika onu deməyə əsas verir ki, ixracın şaxələndirlməsində Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir".