Bakı COP29-dan əvvəl sülh sazişinə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək istəyir
Prezident İlham Əliyev çıxışı zamanı Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqları və sülh müqaviləsindən bəhs edib. Ölkə başçısı qeyd edib ki, tərəflər sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır: "Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". Prezident qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Lakin dövlət başçısı onu da vurğulayıb ki, “baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar”. Ötən ay baş verən kiçikçaplı sərhəd təxribatlarına baxmayaraq, Bakı və İrəvan arasında rəsmi və qeyri-rəsmi səviyyədə danışıqlar davam edirdi. Ən əsası sərhəd komissiyalarının görüşü keçirilir, mübahisəli məsələlərə dair müzakirələr aparılırdı. Danışıqlar prosesi ilə bağlı əsas pozitiv məqam isə masada 70-75 faiz razılaşdırılmış bir sənədin olmasıdır. Bu baxımdan ölkə başçısının da dediyi kimi, sülhə heç vaxt belə yaxın olmamışdıq.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, prinsip etibarilə yekun sülh müqaviləsinin imzalanması üçün hələ tezdir. Lakin ən azından ilkin sülh müqaviləsi imzalamaq olar. Ekspertin sözlərinə görə, hazırda iki ölkə arasında razılaşdırılan məqamlar var:
"Danışıqlar masasındakı sülh sənədi hazırkı halı ilə çərçivə sazişi kimi imzalana bilər. Növbəti müddət ərzində isə yekun sülh müqaviləsi ilə bağlı danışqlar aparılar. Bunu Prezidentin “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır” sözləri də təsdiqləyir. Rəsmi Bakı COP29-dan əvvəl sülh sazişinə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək istəyir. Prezident dedi ki, rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib, əgər İrəvan da razılaşsa, görüş reallaşa bilər. Ermənistan tərəfi hələlik bir cavab verməsə də, Bakı bu görüşün keçirilməsində maraqlıdır. Görüşün təfərrüatları hələlik bəlli deyil, lakin onu demək olar ki, XİN başçılarının gündəmində delimitasiyanın bundan sonrakı mərhələsi, ilkin sülh müqaviləsi, kommunikasiya xətlərinin açılması və maneəsiz hərəkətin təmin edilməsi kimi məsələlər ola bilər. Xüsusilə sülh sazişi çərçivəsində qarşılıqlı ərazi bütövlüyünün tanınması məsələsi də razışlaşdırıla bilər. Qazaxıstanda XİN başçılarının görüşündə bu məsələlər müzakirə edilsə və müəyyən razılıq əldə olunsa, bunu İkinci Almatı bəyannaməsi kimi də qəbul etmək olar".