Cənubi Qafqazda yeni əməkdaşlıq modellərinə qapılar açılacaq
Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əməkdaşlıq tuneli qurula bilər
"Azərbaycanla Ermənistan sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. Bu hadisə Qazaxın Ermənistanın nəzarətində olan yeddi kənddən dördünün Azərbaycana qaytarılması barədə razılıqdan sonra ilk əməli tədbirdir".
Bu barədə "Sherg.az"a siyasi şərhçi Aqşin Kərimov deyib. Ekspert bildirib ki, delimitasiya üzrə praktiki işlərin başlaması sərhədin digər istiqamətləri üzrə də müəyyənləşdirmə prosesi üçün əhəmiyyətli presedentdir:
"Bütün istiqamətlərdə delimitasiya prosesi ağrısız keçsə, Cənubi Qafqazda sülh və təhlükəsizlik adası formatında yeni əməkdaşlıq modellərinə qapılar açılacaq. Birinci növbədə Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçtərəfli əməkdaşlıq tuneli qurula bilər. İkinci növbədə daha geniş regional əməkdaşlıq çərçivəsində Ermənistan üçün fürsət qapıları aralana bilər. Yəni delimitasiya prosesi təkcə ikitərəfli münasibətlərə deyil, ümumilikdə regional əlaqələrin dinamikasına müsbət təsir göstərir. Prosesin ən böyük zirvəsi isə Zəngəzur dəhlizi layihəsi çərçivəsində fəth olunmaq potensialına malikdir. Hərçənd ki, dəhliz konteksti ilə delimitasiya prosesi ayrı paketdə olan müzakirə mövzuları kimi görünür. Azərbaycan hazırda Naxçıvan Muxtar Respublikası ilə quru əlaqəsi yaradılması üçün dəhliz məntiqini gündəlikdən çıxarmayıb. Birincisi, ona görə ki, “Zəngəzur dosyesi” Azərbaycanın strateji hədəfidir. İkincisi, bu layihə qlobal və regional alternativ tədarük nəfəslikləri deməkdir ki, bu da bir çox oyunçunun marağındadır. Bununla belə, Azərbaycan dəhliz üçün lazım olan tələblərini indi daha diplomatik dildə ifadə etməyi məqsədəuyğun hesab edir".
Analitik vurğulayıb ki, Prezident İlham Əliyevin ADA Universitetində təşkil olunan beynəlxalq forumda çıxışında həmin ştrixləri görmək mümkündür:
"Dövlət başçısı İlham Əliyev deyir ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklaması məyusedicidir. Bununla Prezident Əliyev üç mesaj verir. Birincisi, Naxçıvanın blokadada qalması ilə bağlı Ermənistanın ambisiyalarını dünya ictimaiyyətinə çatdırır. İkincisi, Ermənistanın sülh gündəliyindəki nisbi konstruktiv mövqelərinin əvəzində ritorikası ilə yeni gediş edir. Üçüncüsü, İlham Əliyev Ermənistanın 10 Noyabr Bəyanatının müvafiq bəndindən yayınmasını göstərərək gediş edir və prosesi Moskva-İrəvan qarşılıqlı öhdəliyi kontekstində vurğulayır. Nəticə etibarı ilə delimitasiya prosesinin başlanması Zəngəzur dəhlizi layihəsi ilə bağlı açıq qalan məsələlərin həllini aktuallaşdırır. Azərbaycanın Ermənistanın konstruktiv mövqe nümayiş etdirəcəyi təqdirdə ritorikasına redaktə edərək İrəvana xilas yolu olduğunu göstərir".