Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təşkilinə görə öhdəlik Ermənistanın üzərinə düşür
"Açığı desək, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar". Bu sözləri Prezident İlham Əliyev “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir: "Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik". Ölkə rəhbəri onu da vurğulayıb ki, Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır. Prezident Zəngəzur dəhlizi məsələsinin 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanatda aydın şəkildə əks olunduğunu söyləyib: “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir. Bu, Prezident Putin, Baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı, əslində, pozur. İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Bu cür münasibət, təbii ki, çox məyus edir”. Ölkə başçısı əlavə edib ki, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir: "Əgər onlar bəzi səbəblərdən indi Rusiya sərhəd təhlükəsizlik qüvvələrinin olmağını istəmirlərsə, onlar bunu deməlidirlər. Lakin bir daha deyirəm, onlar bunu özləri imzalayıblar və öz imzalarına hörmət etməlidirlər. Beləliklə, aydındır ki, onlar tranzit ölkə olmaq imkanını itirəcəklər". Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan tez-tez "üçtərəfli bəyanatda "Zəngəzur dəhlizi" ifadəsinin keçmədiyini vurğulayırdı. Amma dövlət başçısının da bəyan etdiyi kimi, üçtərəfli bəyanatda konkret "Zəngəzur dəhlizi" sözünün yer almaması, ümumiyyətlə, dəhlizin olmaması anlamına gəlmir. Ümumən, vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizin açılması regional və beynəlxalq yükdaşımalarda əsas halqa statusunu qazanacaq. Azərbaycan rəhbərliyi dəhlizin açılması ilə bağlı istənilən əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə bəyan edib. Türkiyə Böyük Millət Məclisinin komitə sədri Fuat Oktay da bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsində Türk dünyası Azərbaycanla həmrəydir. Eyni zamanda qeyd edib ki, bu xəttin açılması bölgədə sülhün təşviqinə xidmət edəcək.
Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında bildirib ki, 10 noyabr Üçtərəfli Bəyannaməsinin 9-cu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Deputatın sözlərinə görə, həmin maddənin ikinci cümləsində Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təşkilinə görə öhdəlik Ermənistan üzərinə düşür:
"Nə fərqi var, sənəddə konkret “Zəngəzur dəhlizi” termini işlədilib və yox. Əsas odur ki, açıq və şəffaf, konkret ərazilər göstərilməklə, hər şey açıq yazılıb. Burada aydın olmayan heç nə yoxdur. Cənab Prezident COP-29-la bağlı keçirilən beynəlxalq tədbirdə haqlı olaraq bu məsələyə toxundu. Demək olar ki, Ermənistana növbəti dəfə mesaj verdi. Burada bir məsələni qeyd etmək yerinə düşər ki, Üçtərəfli Bəyannaməyə görə, həmin kommunikasiyalar açıldıqdan sonra, əldə olunan razılaşmalara əsasən nəzarət Rusiya tərəfindən həyata keçirilməlidir. Ermənilər məhz buna etiraz edir. İstəyirlər ki, nəzarət funksiyası Ermənistana verilsin. Bu məsələdə Rusiya və Ermənistan arasında fikir ayrılıqları mövcuddur. Hesab edirəm ki, Ermənistan özünün imzaladığı öhdəliyi icra etməlidir. Əks halda, zaman dəfələrlə sübut edib ki, Prezident İlham Əliyev nə deyirsə, yerinə yetirir. Söz indi Ermənistanındır".