“Hesab edirəm ki, bundan sonra proses sürətli şəkildə gedəcək və məsələ öz həllini tapacaq”
“Ermənistanın son 4 ildə manevrləri, gah Qərbə, gah da Rusiyaya tərəf yönəlməsi heç bir nəticə verməyib. Əksinə, İrəvana etimadı azaldıb”
Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur. Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. Spiker qeyd edib ki, sərhəd dirəyinin quraşdırılmasına görə çox şaddır. A.Simonyan hesab edir ki, bu gün Tavuş vilayəti əvvəlkindən daha çox qorunur: "Mənim zəmanətim qanuni sərhəddir. Zəmanət ondan ibarətdir ki, Azərbaycan tanıyıb ki, bu sütundan sonra Ermənistan var. Dünyada heç kim bundan böyük zəmanət fikirləşməyib. Biz, ümumiyyətlə, müharibə haqqında fikirləri həm erməni, həm də Azərbaycan gündəliyindən çıxarmalıyıq - bax bu, əsl zəmanətdir". Simonyan qeyd edib ki, etirazçılar üçüncü tərəfin təhriki ilə Ermənistan və Azərbaycan arasında münaqişəni qızışdırmağa çalışır: "Dayanmadan mövqelər qura və gücləndirə bilərik, sonra onlar “Bayraqdar”ları və tankları ilə bizə hücum edəcəklər. Bu, zəmanət deyil. Zəmanət qanuni, qarşılıqlı tanınan sərhəddir. Doğrudanmı kimsə bizim yaxşı mövqelərimizdən Azərbaycana, Türkiyəyə, Pakistana qarşı döyüşə biləcəyimizi düşünür? Bu, kəmiyyət məsələsidir". Xatırladaq ki, aprelin 23-də Azərbaycanla Ermənistan arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.
"Turan" İnformasiya Agentliyinin rəhbəri, politoloq Mehman Əliyev "Sherg.az"a açıqlamasında deyib ki, ümumiyyətlə, müharibədən sonra baş verənlərə nəzər yetirsək, prosesin doğru istiqamətdə getdiyini söyləmək mümkündür. Analitik hesab edir ki, proses nisbətən ləngisə də, hətta İrəvanın özü də zaman-zaman gedişatı yubatmağa çalışsa da, ümumən proses həm Azərbaycanın, həm də beynəlxalq cəmiyyətin istədiyi kimi irəliləyir: "Çox vacib məsələ odur ki, müəyyən güclər - ABŞ, Avropa Birliyi, Rusiya, Türkiyə, İran, Gürcüstan, Orta Asiya ölkələri, MDB dövlətləri bu məsələdə Azərbaycanı dəstəkləyirlər. Ermənistanın son 4 ildə manevrləri, gah Qərbə, gah da Rusiyaya tərəf yönəlməsi heç bir nəticə verməyib. Əksinə, İrəvana etimadı azaldıb. Ona görə də indi erməni tərəfi demarkasiya prosesinə başlayıbsa, bunu xoş niyyətdən daha çox məcbur qaldıqları üçün edirlər. Hesab edirəm ki, bundan sonra proses sürətli şəkildə gedəcək və məsələ öz həllini tapacaq. Açığı, mən bu prosesdə hansısa problemin yaranacağını düşünmürəm. Hətta prosesin bu il ərzində sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyini demək mümkündür. Düzdür, Ermənistanda müəyyən aksiyalar təşkil olunur. Ötən gün qondarma soyqırımın ildönümünə həsr olunmuş aksiya keçirtdilər. Amma bunlar sonuncu cəhdlər idi və onunla da bitdi. Bundan sonra hansısa ciddi müqavimətin olacağını düşünmürəm".
M.Əliyev vurğulayıb ki, Ermənistan kənar güclərin də dəstəyindən ümidi kəsib: "Fransa Ermənistanın müttəfiqi olduğunu deyir. Erməni tərəfi Fransaya çox böyük ümidlər bağladı ki, guya, Paris hər şəraitdə İrəvanı müdafiə edəcək, onun təhlükəsizliyini təmin edəcək və s. Hadisələrin gedişatı isə göstərdi ki, Fransa Ermənistana heç nə vermək iqtidarında deyil. İrəvanın son ümidi Fransa idi və o da puç oldu. Əksinə, Fransa Ermənistana yardım məqsədilə heç nə bacarmadığını göstərmək üçün əlindən gələni etdi. Sonda dedi ki, gedin, öz probleminizi özünüz həll edin. Təxmini vəziyyət budur".