O, bütün hallarda Qarabağa fəlakət, münaqişənin nizamlanma prosesinə mənfi dinamika gətirib
“Rusiyalı milyarder Ruben Vardanyan haqqında başladılan təbliğat kampaniyasının səbəbi onun pullarıdır”
Qarabağdakı keçmiş separatçıları maliyyələşdirməkdə ittiham olunan və hazırda Bakıda həbsdə olan rusiyalı milyarder Ruben Vardanyanla bağlı növbəti təbliğat kampaniyası başlanıb. Prosesə dünyanın məşhur PR şirkətləri də cəlb olunub. Məlumdur ki, Ruben Vardanyan Qarabağda olanda da bu cür kampaniya təşkil etmişdi, indi isə onun azadlığa buraxılması və “qəhrəmanlaşdırılması” istiqamətində kampaniyaya start verilib. Halbuki R.Vardanyan Qarabağa Rusiyanın müvafiq orqanları tərəfindən göndərilmişdi və ona Ermənistanda Paşinyanı devirəcək fiqur kimi “stavka” olunmuşdu. Necə olubsa, ayrı-ayrı ABŞ şirkətləri, rəsmilər, nəhəng media qurumları Qərbin dəstəklədiyi Paşinyana rəqib kimi ortaya atılmış rusiyalı oliqarxın təbliğatı ilə məşğul olmağa başlayıblar. Hətta biznesmen Ruben Vardanyanın hansısa təşəbbüs qrupu tərəfindən “Sülh təşəbbüslərinin inkişaf etdirilməsi” və Qarabağda “humanitar fəlakət”in qarşısının alınmasında xidmətlərinə görə onun "Nobel" sülh mükafatına namizədliyi irəli sürülüb. Həmin təşəbbüs qrupuna adı açıqlanmayan bir sıra nüfuzlu şəxslərin, o cümlədən "Nobel" sülh mükafatı laureatının daxil olduğu bildirilib. Bu informasiya bir çox suallar doğurdu. İlk növbədə təşəbbüs qrupunun kimlərdən ibarət olması, üzv şəxslərin adlarının açıqlanmaması şübhəli məqam idi. Reallıq odur ki, Ruben Vardanyan Qarabağ məsələsi ilə bağlı heç vaxt heç bir sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, bölgənin erməni mənşəli sakinlərinin radikallaşmasında, rəsmi Bakının təklif etdiyi konstruktiv danışıqlardan imtina etməsində xüsusi rol oynayıb. Digər tərəfdən, Qarabağda süni şəkildə humanitar fəlakətin yaşanmasına birbaşa şərait yaradıb. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və Vardanyan kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi. Konstruktiv danışıqlar, Azərbaycan dövlətinin təklif etdiyi inteqrasiya planını qəbul etmək, erməni mənşəli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq yerinə, Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi. Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlməsi ilə bu, daha qabarıq şəkildə özünü göstərdi. Heç bir ölkə tərəfindən tanınmayan, dünyanın Azərbaycanın ayrılmaz parçası kimi qəbul etdiyi Qarabağa qeyri-qanuni gəlib, burada qondarma “dövlət naziri” vəzifəsini tutmaq idi sülh təşəbbüsü? Əksinə, 2022-ci ilin noyabrından 2023-cü ilin fevral ayına qədər - 4 aydan çox Qarabağdakı qondarma rejimin “dövlət naziri” kimi çalışan Vardanyan Qarabağ məsələsinin nizamlanma prosesinə mənfi dinamika gətirdi. O, Laçın yolunda Azərbaycanın öz gömrük və sərhəd nəzarətini bərpa etməsindən sonra Qarabağda süni şəkildə yaradılmış “humanitar fəlakət”, “blokada şousu”nun əsas müəlliflərindən də biri oldu. 2023-cü ilin yanvarın 22-də BBC-nin “HardTalk” verilişi üçün verdiyi müsahibədə Ruben Vardanyan Qarabağın erməni sakinlərinin adından radikal açıqlamalar verərək Qərb auditoriyasını çaşdırmağa çalışmışdı. Azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanı “blokada” kimi təqdim etməyə, Qarabağda “humanitar fəlakət” yaratdığı barədə təsəvvür formalaşdırmağa cəhd etmişdi. Vardanyan Azərbaycanın Laçın yoluna nəzarəti bərpa etməsindən sonra Ağdam-Əsgəran-Xankəndi yolunun açılmasına qarşı çıxan, burada süni gərginlik yaratmağa çalışan, bununla Qarabağda yaşayan erməni mənşəli insanların humanitar problemlərlə üz-üzə qalmasında əsas rol oynayanlardan olub. Bir başqa məqam Vardanyanın qeyri-qanuni maliyyə əməlləri ilə bağlıdır. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) hələ 2019-cu ildə R.Vardanyan barədə hazırladığı “The Troika Landromat” adlı araşdırmasında qeyd edirdi ki, “Ruben Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng ofşor şirkətlər vasitəsilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinə dair üzə çıxan çoxsaylı faktlar var”. Araşdırmada qeyd olunurdu ki, Vardanyanın yaratdığı nəhəng ofşor şəbəkəsi milyardlarla pul vəsaitlərinin dövriyyəsini Rusiya Federasiyasına məxsus banklar vasitəsilə həyata keçirib. Bu cür şəxsin biznes fəaliyyəti başdan-başa çirkab içində olan Vardanyanın adının nüfuzlu "Nobel" mükafatı ilə birgə çəkilməsi belə absurdluq nümunəsidir.
Millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, rusiyalı milyarder Ruben Vardanyan haqqında başladılan təbliğat kampaniyasının səbəbi onun pullarıdır. Deputat vurğulayıb ki, Vardanyanın milyonları bəzi qaragüruhçuları, psevdo-demokratları şirnikləndirir:
"Bununla belə, onu qəhrəman edə bilməyəcəklər? Vardanyan separatçılığı dəstəkləyən, terrorçuluğu özünə bayraq etmiş, Azərbaycan dövlətinin və xalqının qarşısında böyük cinayətlər işlətmiş şəxsdir. Bu gün Vardanyan ədalət məhkəməsini gözləyir. Bu məhkəmə ikinci Nürnberq məhkəməsi kimi onun və digər separatçıların üzərində qurulacaq. İndi başladılmış uydurma kampaniya Ruben Vardanyanı müttəhimlər kürsüsündən azad edə bilməyəcək. Tarixdə vaxtaşırı hansısa bir cəlladı və onun törətdiyi cinayələti "qəhrəmanlıq" kimi təqdim etmək cəhdləri kifayət qədər çox olub. Bu da o cür səmərəsiz təşəbbüslərdən biridir. Dünyanı Vardanyanın pulu ilə Azərbaycan haqqında hansısa yalanlara inandırmaq mümkün olmayacaq".