“ABŞ yaxşı olardı ki, belə məqamda suyu bulandırmaq əvəzinə sülh prosesinə töhfə vermək yolunu tutsun"
ABŞ Dövlət Departamenti aprelin 22-də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatı açıqlayıb. Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı "pis rəftardan", ifadə və media azadlıqlarının "sərt məhdudlaşdırılması"ndan, siyasi idarəetmənin azad və ədalətli seçki yolu ilə "dəyişə bilməməsindən", "jurnalist və fəalların həbsləri"ndən bəhs olunub. Sənəddə vurğulanıb ki, Azərbaycan hökuməti insan haqları pozuntularını törədən məmurların cəzalandırılması üçün inandırıcı addımlar atmayıb. Eyni zamanda 2020 və 2022-ci illərdə Azərbaycan ordusu tərəfindən törədildiyi iddia edilən hadisələrin araşdırılması barədə heç bir hesabat verilməyib. Hesabatda Türkiyə ilə bağlı 86 səhifəlik bölmə də həsr olunub. Ankara hökumətinə qarşı bir sıra tənqidlər yönləndirilib. Həmçinin məlum olub ki, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Əvvəla qeyd edək ki, ABŞ konqresinin tapşırığı ilə hazırlanan illik hesabatlar insan hüquqlarının təşviq olunması ilə heç bir əlaqəsi olmayan siyasi təzyiq vasitəsidir. Dünyada baş vermiş insan hüquqları pozuntularına görə böyük məsuliyyət daşıyan və öz daxilində insan haqları sahəsində vəziyyəti heç də ürəkaçan olmayan ABŞ-nin bu hesabatı hansı mənəvi əsasla hazırlaması sual doğurur. ABŞ bu il də həmin hesabatlar vasitəsilə Azərbaycana təzyiq etməyə çalışıb, qərəz və ayrı-seçkiliyə yol verib. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmur. Görünən odur ki, ABŞ-nin Dövlət Departamenti insan hüquqları kimi ali dəyərdən öz siyasi məqsədləri üçün sui-isifadə edir. Əslində, rəsmi Bakı Amerika Birləşmiş Ştatları strateji tərəfdaş hesab edib, çünki bir çox fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşüb. Lakin təəssüf ki, ABŞ Konqresi ilə Dövlət Departamentində bir çox hallarda anti-Azərbaycan addımları atılır ki, bu da ABŞ üçün region siyasətinə ziddir. Çünki regionda söz sahibi Azərbaycandır və Azərbaycan beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi töhfələr verən bir dövlətdir.
Hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri Əhməd Şahidov "Sherg.az"a açıqlamasında deyib ki, 44 günlük müharibənin ardınca Amerika Birləşmiş Ştatları, o cümlədən Fransa Azərbaycana qarşı qərəzli siyasətini açıq şəkildə ifadə etməyə başladı. Ekspert diqqətə çatdırıb ki, hərçənd, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri olan ABŞ və Fransa tərəflər arsında vasitəçi olmaq əvəzinə hər zaman Ermənistana açıq dəstək verib:
"Nədənsə, ABŞ Dövlət Departamenti Birinci Qarabağ müharibəsində törədilmiş qətliamlara, soyqırımlara, itkin düşmüş 4 minə yaxın azərbaycanlılarla bağlı məsələyə dair açıqlama, bəyanat verməyib. Amma antiterror əməliyyatlarından sonra Xankəndi və digər ərazilərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsini, Qarabağın erməni sakinlərinin könüllü şəkildə ərazilərimizi tərk etməsini "etnik təmizləmə" kimi təqdim etməyə çalışır. Bu, təbii ki, ilk növbədə erməni lobbisinin təsiri ilə baş verir. Bu il Amerikada prezident seçkiləri keçiriləcək. Erməni lobbisinin səsini almaq üçün Dövlət Departamenti bu metoda əl atıb. Digər tərəfdən, ABŞ Cənubi Qafqazda təsir dairəsini genişləndirmək məqsədilə ermənilərlə bağlı əsassız ittihamlarla Azərbaycana təzyiq göstərmək yolunu tutub. Bu, sadəcə, Amerika Birləşmiş Ştatlarının deyil, Fransa, Almaniya, habelə Rusiyanın da əlində vasitədir. Xatırlayırsınızsa, Moskva da zaman-zaman açıqlama verir ki, Qarabağın erməni sakinləri öz evlərinə qayıtmalıdır, onların hüquqları təmin edilməlidir və s. Düşünürəm ki, bir müddət bu məsələ üzərindən Azərbaycan hökumətinə təzyiq etməyə çalışacaqlar. İstənilən halda Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağda doğulmuş, yaxud müharibəyə qədər Qarabağda yaşamış erməni sakinləri öz evlərinə qayıda bilərlər. Təbii ki, Azərbaycan Respublikasının vətəndaşlığını və qanunlarımızı qəbul etmək şərti ilə. Ancaq dövlətimizə, xalqımıza qarşı cinayət törətmiş ermənilər təbii ki, məhkəmə qarşısında cavab verəcəklər. O baxımdan ABŞ-nin əsassız ittihamları qəbuledilməzdir, ikili standart və qərəzdən başqa bir şey deyil".
Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə, dinindən, milliyətindən, irqindən asılı olmayaraq hər bir insan, hər bir vətəndaş qanun qarşısında bərabərdir və onların bərabər hüquq-azadlıqları var: "Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir və ölkəmizdə minlərlə erməni yaşayır. Əminliklə deyirik ki, Qarabağa qayıdacaq ermənilər də rahat və təhlükəsiz həyat sürəcəklər".
Ə.Şahidov əlavə edib ki, indiki məqamda belə bir hesabatın yayılması Ermənistan-Azərbaycan arasında sülh danışıqlarını pozmaq, prosesə kölgə salmaq məqsədi daşıyır: "Azərbaycan və Ermənistanın dövlət komissiyaları müstəqil şəkildə görüşlər keçirirlər. Üçüncü tərəfin iştirakı olmadan razılıq əldə olunub, müəyyən addımlar atılıb və nəticələr var. Artıq Qazaxın dörd kənd geri qaytarılır. İlkin sərhəd nöqtələri müəyyənləşərək dirəklər basdırılıb. ABŞ yaxşı olardı ki, belə məqamda suyu bulandırmaq əvəzinə sülh prosesinə töhfə vermək yolunu tutsun".