“Putinlə İbrahim Rəisinin də Şuşaya, Xankəndiyə səfərini protokola salmaq lazımdır”
Aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Qırğız Prezidenti Sadır Japarov Ağdama səfər ediblər. Liderlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçılarına məsciddə görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Ağdam şəhərindəki Cümə məscidi memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə tikilib. Şəhər Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu müddətdə Cümə məscidi ermənilər tərəfindən yandırılaraq vandalizmə məruz qalmışdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən aparılıb. “PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunmuşdu. Restavrasiya prosesinin qüsursuz yerinə yetirilməsi məqsədilə ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Ərazidəki dağıntılar aradan qaldırılıb, məscidin daxilində sütunların və kənar divarların yanında kəşfiyyat qazıntıları, giriş hissəsindəki tarixi daş döşəmənin üzə çıxarılması, tarixi və texniki tələblər əsasında müvafiq suvaq nümunələrinin və laboratoriya analizləri əsasında boya nümunələrinin yaradılması, sınıq günbəzin və tağların taxta konstruksiyalarla bərkidilməsi işləri yerinə yetirilib. Məscidin eyvan divarlarında daş və birləşmələr qeyri-təbii materiallardan təmizlənərək bərpa olunub, həmçinin bünövrələrin möhkəmləndirilməsi işləri aparılıb. Qırıq minarə daşları bərpa olunub, taxta konstruksiyaların bərpası və konservasiyası işləri görülüb. Damdakı günbəzlərin zədələnmiş suvağının aradan qaldırılması, günbəzlərin və anbarların əhəng suyu və əhəng qatı ilə gücləndirilməsi, divar tacının yenidən qurulması və uyğun təbii daşlarla doldurulması prosesi tamamlanıb. Məscidin içindəki daşlar, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.
Prezidentlər aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə də tanış olublar. Dövlət başçılarına Mərkəzdə yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Konfrans Mərkəzi Ağdam rayonu işğaldan azad edildikdən sonra inşa olunub. Ağdam Konfrans Mərkəzində müasir tələblərə uyğun tədbirlərin - konfransların, seminarların, forumların, simpoziumların, işgüzar görüşlərin, konsertlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Mərkəz artıq beynəlxalq və yerli tədbirlərə ev sahibliyi edir. Dövlət başçıları Ağdam, Füzuli və Xocavənddə görülən işlərdən, eləcə də bu rayonlarda həyata keçiriləcək layihələrdən bəhs edən videoçarxa baxıblar.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycana səfər edən bəzi dövlət başçılarının işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili xüsusi siyasi əhəmiyyət kəsb edir:
"Ermənistanın 30 il ərzində hayata keçirdiyi vandalizm aktını liderlər gözləri ilə görürlər. Həmçinin bu, Azərbaycanın ərazi bütövlüyünün tam tanınması deməkdir. Biz görürük ki, ABŞ və bəzi ölkələrin səfirləri Şuşaya səfər etmir. Əsasən türk dövlətlərinin başçıları işğaldan azad olunmuş ərazilərə səfər edirlər. İşğaldan azad olunmuş ərazilərə və Şuşaya Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan prezidentləri gəlib. Bu, türk birliyinin bariz nümunəsidir. Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi Azərbaycana səfər etsələr, onların da Şuşaya, Xankəndiyə səfərini protokola salmaq lazımdır. Çünki 1990-cı illərdə məhz bu iki ölkənin Ermənistana dəstəyi sayəsində bu ərazilər viran edilib".