Təmasların yeni platformada davam etdirilməsi prosesə mahiyyətcə yeni keyfiyyət gətirə bilər
Ermənistan tərəfi Qazaxıstanın təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün görüşünə razılıq verib. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, görüşün tarixi barədə razılıq əldə olunan kimi məlumat veriləcək: “Ermənistan Cənubi Qafqazda davamlı sülhə nail olmaq məqsədinə yönəlmiş vasitəçilik səyləri və ya danışıqlar platformalarını nəzərdən keçirir və bunun tərəfdarıdır”.
Badalyan fundamental prinsiplər və qarşılıqlı razılaşdırılmış sənədlərin reallaşmasının, o cümlədən iki ölkənin 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınması və delimitasiya prosesinin aparılmasının önəmli olduğunu da vurğulayıb. Qeyd edək ki, Prezident İlham Əliyev bundan əvvəl Azərbaycanın Qazaxıstandan belə bir təklif aldığını və bu platformada Ermənistanla görüşə razı olduğunu açıqlamışdı. Prezident İlham Əliyev Almaniya kansleri Olaf Şoltsla görüşü zamanı Ermənistanla sülh danışıqlarını yüksək qiymətləndirib. Kansler Olaf Şoltsun dəvəti ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin bu yaxınlarda Almaniyada görüşdüklərini xatırladan dövlət başçısı bildirib ki, növbəti görüş Qazaxıstanda planlaşdırılacaq: "Beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Qazaxıstanda görüş ehtimalı və yeni təmasların yeni platformada davam etdirilməsi prosesə mahiyyətcə yeni keyfiyyət gətirə bilər. Ekspert vurğulayıb ki, Qazaxıstanın Azərbaycanla yüksək münasibətləri olduğu kimi, Ermənistanla münasibətləri də normaldır:
"Ona görə də Qazaxıstan platformasının nəticə verə biləcəyini düşünürəm. Digər görüş məkanlarından fərqli olaraq Qazaxıstan platformasının digər üstün cəhəti ondan ibarətdir ki, Astana bu məsələdə öz maraqlarını güdmür və sadəcə görüş məkanı təklif edir. Əlbəttə ki, ilk növbədə tərəflərdə fikir müxtəlifliyi olmamalıdır. Hər iki ölkə Qazaxıstan platformasını obyektiv, tərəfsiz qəbul etməlidir. Tərəflərin fikir müxtəlifliyi prosesi poza bilər. Hesab edirəm ki, İrəvan da Qazaxıstan platformasına ciddi yanaşılmalıdır. Ermənistan tərəfi nəhayət iradə göstərməli və sülh prosesində irəliyə doğru addım atmalıdır. Görüşlər davamlı, intensiv olarsa, nəticələrin əldə olunması ehtimalı da artar. Qazaxıstan prezidentinin də Ermənistana səfərindən sonra Astana formatının ortaya çıxması təsadüfi deyil. Bu, sülh prosesinə təkanla yanaşı, həm də Avrasiyada yeni reallıqların formalaşması anlamına gəlir".