Yekun sülh sazişi böyük dövlətlərin iştirakı ilə imzalanacaq

Amma buna qədərki proses məhz birbaşa təmaslarla aparılacaq, böyük dövlətlərin imzalanmada iştirakı isə formal xarakter daşıyacaq

  Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesi davam edir. Aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. Ekspert qruplarının işi davam etdirilir. Prezident İlham Əliyev Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı söyləyib ki, Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası başlayıb. Dövlət başçısı 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin də qaytarıldığını bəyan edib: "Yəni sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq". Problem odur ki, uzun illər Azərbaycan və Ermənistan sərhədlərini müəyyən etmək mümkün olmayıb. Sovet dövründə sərhədlər formal sənəd, xəritələr üzərində bəlli olsa da, ümumittifaq anlayışına görə buna konkret əməl edilməyib. Lakin ekspertlər delimitasiya üzrə konkret addımların atılmasını sülh prosesi istiqamətində müsbət irəliləyiş kimi dəyərləndirirlər. Ermənistanın Baş naziri Nikol Paşinyan da deyib ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir. Baş nazir bildirib ki, hakimiyyətin qarşısında Ermənistanın yaxın onilliklər ərzində mövcudluğu ilə bağlı həll edilməli olan vacib məsələ dayanır: “Hakimiyyət Ermənistanın yaxın onilliklər ərzində mövcud olub-olmayacağı ilə bağlı suala cavab tapmalıdır. Bizim missiyamız son dərəcə önəmli olan bu mərhələni keçməkdən ibarətdir”.
  Sərhədlərin müəyyənləşməsi prosesini "Sherg.az"a dəyərləndirən politoloq Cəmaləddin Quliyev deyib ki, demarkasiya prosesi və geodeziya ölçmələri çərçivəsində iki ölkənin sərhədlərində 20 dirək quraşdırılması ciddi hadisədir. Siyasi şərhçi vurğulayıb ki, cənab Prezidentin ADA Universitetində keçirilən beynəlxalq forumda qeyd etdiyi kimi, heç bir hərbi ixtilafımız olmayan digər qonşularla da hələ sərhədlərin delimitasiyası tam başa çatdırılmayıb:

"Yəni bu, sırf hərbi münaqişənin yaratdığı problem deyil. Adətən vahid imperiyaların tərkibində olmuş qonşu dövlətlərin bir çoxunda belə problem yaşanır. Çünki zamanında inzibati sərhədlər kifayət qədər dəqiq müəyyən edilmir və ya bəzən təsərrüfat məqsədləri ilə də dəyişikliyə məruz qalır. Xatirinizdədirsə, Azərbaycan və Rusiya arasında ərazilərin sərhədlərin dəqiqləşdirilməsi zamanı 1950-ci illərdə Dağıstana təsərrüfat məqsədilə istifadəyə verilmiş məntəqələrin taleyi bir müddət qeyri-müəyyən qalmışdı. Amma dövrün sərhədlərini əks etdirən xəritələrə, respublikalararası anlaşmaları əks etdirən sənədlərə əsasən Azərbaycan öz lehinə ədalətli nəticə əldə edilməsinə nail oldu. Ağstafa rayonundakı Keşiçki dağ kompleksi ilə bağlı qonşu Gürcüstanın bir qrup şəxsinin yersiz iddiaları zamanı da buna bənzər mübahisələrə şahid olduq. Başqa bir nümunə - Sovet İttifaqının mərkəzi hakimiyyəti Xəzərdə kəşf olunan yataqların mənsubiyyəti ilə bağlı qərar qəbul edəndə bu amilə istinad edirdi ki, ittifaqın əsas neft sənaye mərkəzi Bakıda yerləşir. Bu da digər Xəzər sahili keçmiş sovet respublikalarının, xüsusən də Türkmənistanın hansısa iddialarına səbəb olmuşdu. Amma Türkmənistanla dəniz sərhədlərinin müəyyənləşdirilməsi üçün mövcud anlaşılmazlıqlar danışıqlar yolu ilə aradan qaldırıldı".
C.Quliyev diqqətə çatdırıb ki, Ermənistanla oxşar problemi yoluna qoymaq məsələsində maneələr daha çoxdur, danışıqlar aparılması daha çətindir: "Müharibənin yaratdığı çoxsaylı suallar, maraqlı üçüncü tərəflərin açıq müdaxiləsi var. Bu, Ermənistanı silahlandırmaqda, sülhün baş tutmaması və ya mümkün qədər ləngidilməsi üçün təzyiq və təhriklərdə özünü göstərir. Eyni zamanda erməni cəmiyyəti reallıqları qəbul etməyə yetərli dərəcədə adekvat deyil. Öz baş nazirlərinin dediyi kimi, real mövcud Ermənistanı qəbul edib gücləndirmək, qonşularla dinc yanaşı yaşamaq haqda düşünməkdənsə, uydurulmuş mifik “böyük Ermənistan” xülyasından, tarixin yanlış əks-sədalarından xilas ola bilmirlər. Təəssüf ki, erməni diasporu sülh prosesi önündə ciddi əngəldir. ABŞ Konqresinə məhz erməni lobbisinin təşəbbüsü ilə təqdim olunan sanksiya təşəbbüsü də bunun bariz nümunəsidir".
  Analitikə görə, işin mühüm müsbət tərəfi odur ki, hər iki ölkənin rəhbərlikləri səviyyəsində sülhə doğru gedən prosesi sürətləndirmək üçün siyasi iradə var: "Son anlaşmaların birbaşa təmaslarla əldə edilməsi isə ikitərəfli danışıqlar formatını da gündəliyə gətirir. Azərbaycan digər platformaları məqbul saydığını dəfələrlə ifadə edib. Lakin birbaşa təmasların daha məhsuldar olacağına ümidlər daha çoxdur. Bu, bütün anlaşılmazlıqlara siyasi vasitələrlə son qoyulmasına daha çox imkan yaradır. Bölgəyə kənar oyunçuların öz maraqları prizmasından müdaxilə imkanlarını da məhdudlaşdırır. Yekun sülh sazişinə gəlincə, onun böyük dövlətlərin iştirakı ilə imzalanması daha çox ehtimal olunur. Amma buna qədərki proses məhz birbaşa təmaslarla aparılacaq, böyük dövlətlərin imzalanmada iştirakı isə formal xarakter daşıyacaq. Hərçənd, indi bu deyilənlərin real olması xeyli dərəcədə Paşinyan hökumətinin erməni cəmiyyətini nə dərəcədə sülhə hazırlaya bilməsindən asılıdır".