“Qərbin qərəzli qətnamələri, hesabatları Azərbaycanı öz haqq yolundan döndərə bilməz”
Aprelin 25-də Avropa Parlamenti Azərbaycanı hədəf alan daha bir qətnamə qəbul edib. Qətnamədə Azərbaycandakı vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq iddialar və məlumatlar əks olunub. Milli Məclis Avropa Parlamentini qərəzli yanaşmaya görə pisləyən və qətnamədə yer alan iddiaları təkzib edən bəyanat yayıb. Parlamentimiz AP-nin qətnaməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edib. Qeyd olunub ki, beynəlxalq təşkilatın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyulması ilə nəticələnmiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Təsadüfi deyil ki, 2021-ci ildən bəri Avropa Parlamenti müxtəlif bəhanələr altında Azərbaycana qarşı 8 qətnamə qəbul edib. Ermənistan ilə Azərbaycan arasında münaqişədən sonra normallaşma prosesinin irəliyə aparılması üçün tədbirlərin görüldüyü, xüsusən sərhədlərin delimitasiyası istiqamətində ilk ümidverici nəticələrin əldə edildiyi dövrdə Avropa Parlamentinin növbəti aksiyası sülh prosesinə zərbə vuran addımdır. Bütün bunlar təşkilatda hökm sürən azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin son dövrdə daha da gücləndiyini nümayiş etdirir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Azərbaycanla əməkdaşlığını pozmağa, ümumiyyətlə, onun Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar. Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Konstitusiyamızın üçdə bir hissəsi insan hüquqlarına və əsas azadlıqlara həsr olunub. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də deyib ki, bu addım, Avropadakı bir sıra qüvvələrin Azərbaycanla münasibətlərin daha da pisləşməsinə yönəlmiş açıq siyasi sifarişindən başqa bir şey deyil: “Bu kimi birtərəfli və qərəzli qətnamələrin adekvat olaraq dəyərləndirilmədən avtomatik şəkildə qəbulu Avropa Parlamenti üçün çoxdan adi hala çevrilib. Belə mühitdə, Avropa Parlamentinin öz daxili mülahizələrini və şəxsi mənfəətlərini rəhbər tutan müəyyən qrup üzvləri sadəcə Azərbaycandakı vəziyyətin təhrif olunmuş mənzərəsini irəlilətməklə məşğuldurlar. Bu qəbildən sənədləri qəbul etməyi təşviq edənlərin niyyəti həmçinin diqqəti Avropa cəmiyyətinin həqiqətən aktual sosial-iqtisadi və siyasi problemlərindən yayındırmaqdır". Qeyd edək ki, ABŞ Dövlət Departamenti də 2023-cü il üçün dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatda Azərbaycana ittihamlar səsləndirib. Hesabatın Azərbaycana aid bölümündə sentyabrın 19-20-də Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan, bunun nəticəsində erməni əhalinin bölgəni tərk etməsindən, məhbuslara qarşı "pis rəftardan", ifadə və media azadlıqlarının "sərt məhdudlaşdırılması"ndan, siyasi idarəetmənin azad və ədalətli seçki yolu ilə "dəyişə bilməməsindən", "jurnalist və fəalların həbsləri"ndən bəhs olunub. Azərbaycana aid hesabatda digər əsassız iddialar ilə yanaşı ölkəmizdə ermənilərin hüquqlarının guya pozulması kimi böhtanlara gen-bol yer verilib. Lakin Ermənistana aid hesabatda oradan azərbaycanlıların qovulması, onların mədəni irsinin dağıdılması və qayıdışına imkan verilməməsi kimi kütləvi insan haqları pozuntuları faktlarına toxunulmayıb.
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ Dövlət Departamentinin qərəzli, iftira və böhtan dolu məlumatlarını öz hesabatlarında, siyasi sənədlərində yayması ilk dəfə baş vermir. Deputatın sözlərinə görə, Dövlət Departamenti bundan öncə Azərbaycanda dini azadlıqlarla bağlı da cəfəng fikirləri gündəmə gətirmişdi:
"Azərbaycanda İrana məxsus casus şəbəkəsinin ifşası ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin apardığı son dərəcə ciddi əhəmiyyət kəsb edən əməliyyatlara kölgə salmaq cəhdləri heç cür qəbuledilən deyil. Ona görə qəbuledilməzdir ki, ABŞ İranın molla rejiminin necə bir sistem olduğunu, Azərbaycanda törətmək istədikləri teraktlar haqqında yetərincə məlumatlara sahibdir. Amerikanın kəşfiyyat orqanlarının sayı-hesabı yoxdur. Təəccüblü və təəssüf doğuran cəhət ondan ibarətdir ki, ABŞ-nin özü İran fars molla rejiminə "barışmaz" münasibət bəsləyir, ancaq bu cür addımlarla İranın terrorizmini müdafiə edir. Azərbaycan dövlətinə qarşı İranın casus şəbəkəsinin ifşasında Bakını qınayır. Bu, qəbuledilməz bir münasibətdir. Ancaq bu, ABŞ-nin təzyiq formasıdır. Avropa İttifaqının da son dönəmlər Azərbaycana münasibəti çox aqressiv və qərəzlidir. Aİ Azərbaycan əleyhinə hədyanlar yağdırmağa davam edir. Avropa Parlamenti də qısa zamanda Azərbaycana qarşı çoxsaylı qətnamə qəbul edib. Yorulmurlar. Korrupsiyalaşmış parlament, xristianlaşmış klub, faşist düşüncəli insanlar Azərbaycanın ermənilərə, onların təcavüzünə, işğalına qarşı aparmış olduğu müharibədə əldə etdiyi qələbəni həzm edə bilmirlər. Ancaq bizdə ataların bir misalı var, "it hürər, karvan keçər".
Parlamentari vurğulayıb ki, Qərbin qərəzli qətnamələri, hesabatları Azərbaycanı öz haqq yolundan döndərə bilməz: "Azərbaycan bəşəri dəyərlər sayılan insan haqlarına kifayət qədər hörmət edir. Bu, mübahisə predmeti deyil. Lakin Avropa institutlarının himayəsində olan, onların sifarişlərini yerinə yetirən anti-milli qüvvələrə qarşı qanun çərçivəsində aparılan mübarizə və sərt münasibət təbii ki, onları narahat edir, onlar bundan qıcıqlanırlar. Amma biz bu cür davam edəcəyik. Bunun tezislərini, anonslarını cənab Prezident ADA-da keçirilən beynəlxalq forumda açıq şəkildə elan etdi. O baxımdan hansısa qərəzli qətnamə, hesabat dövlətimizi tutduğu yoldan döndərə bilməyəcək".