“Vardanyanın vicdanındakı ləkə heç vaxt yuyulmayacaq. Adam Azərbaycana qarşı təxribatla məşğul olub, dövlətçiliyimiz əleyhinə çalışıb. Onu bağışlamaq olmaz"
Separatçılara maliyyə dəstəyi verən Ruben Vardanyanın Nobel sülh mükafatına namizəd göstərilməsinə dair kampaniya son günlər daha çox aktuallaşıb. Hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın törətdiyi cinayətlərin sayı-hesabı olmasa da, məlum dairələr tərəfindən "sülh keşikçisi" göstərilməyə çalışılır. Təbii ki, buradakı dəst-xətt hamıya aydındır və Qərb istehsalıdır. Prosesdə Qərbin maraqlarını və erməni diasporunun məkrli planlarını sezmək mümkündür. Ruben Vardanyanın "sülh mükafatına namizəd" göstərilməsinə Ukrayna Ali Radasının üzvləri də qarşı çıxıblar. Ukraynanın ali qanunverici orqanında bununla bağlı bəyanat da imzalanıb. Bəyanatda Ruben Vardanyan kimi cinayətkarın, separatçılığı, müharibəni dəstəkləyən və sahibi olduğu şirkətlərin qaranlıq fəaliyyətləri ortaya qoyulmuş şəxsin Nobel sülh mükafatı namizədi kimi təqdim olunmasından kəskin narazılıq və qəzəb ifadə olunub. Ukrayna prizmasından hər şey aydındır, Ruben Vardanyan müharibəni dəstəkləyən şəxslərdən biridir və bu mənada Ukrayna üçün əliqanlı bir cinayətkar hesab edilir. Ukraynaya dəstək verən Qərbin bu cür separatçını təbliğ etməsi isə heç bir məntiqə sığmır. Belə olan halda Qərbin ikiüzlü siması ortaya çıxır. Məsələ ondadır ki, Rubenin milyardları da məlum prosesə sərf olunmaqdadır. Erməni diasporunun Qərbdə sahib olduğu maddi və siyasi imkanlar da hər kəsə bəllidir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, əslində, rusiyalı milyarderin təbliğat kampaniyasını həyata keçirənləri Ruben Vardanyanın həyatı, aqibəti maraqlandırmır. Ekspertin sözlərinə görə, məlum qruplar Vardanyan üzərindən Azərbaycana təzyiq göstərməyə çalışırlar:
"Vardanyanın maliyyə imkanları böyükdür və onun Rusiyaya bağlığı şübhəsizdir. Vardanyan Kəlbəcərdəki Zod qızıl yatağının ermənilər tərəfindən istismar olunmasında yaxından iştirak edib. Rusiya-Yunanıstan ortaq şirkətləri yataqlarımızın istismarı ilə məşğul olublar. Görünür, müəyyən dairələr Vardanyanı gündəmə gətirməklə öz məqsədlərinə nail olmağa çalışırlar. Həmin qüvvələr Qərb ölkələri ilə yanaşı, Rusiyada da mövcuddur. Hətta bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanı Vardanyanla əvəzləmək planları da var idi. Separatçılara dəstək verdiyi, pozuculuqla məşğul olduğu üçün hazırda həbsdə olan Vardanyanın "haqlı" obrazını yaratmağa çalışırlar".
C.Nuriyev diqqətə çatdırıb ki, ABŞ və Avropada lobbiçilik fəaliyyəti çox güclüdür: "Bizdə adətən buna fərqli yanaşma sərgiləyirlər. Qərbdəki lobbilər rüşvəti, korrupsiyanı leqallaşdıraraq qeyri-hökumət təşkilatlarını hərəkətə keçirirlər. Vardanyanın Nobel sülh mükafatına namizəd kimi təqdim olunması gülünc və absurddur. Bunun hansı məqsədlə edildiyi bəllidir. Qarabağda sülhü hansısa separatçı yox, bizim Prezidentimiz İlham Əliyev yaradıb. Nobel sülh mükafatına layiq yeganə şəxs İlham Əliyevdir. Vardanyan kimi şəxsləri təmizləmək üçün "kimyəvi vasitələrdən" istifadə etmək belə nəticə verməyəcək. Çünki o qədər çirkaba batıblar ki, təmizə çıxmaları qeyri-mümkündür. Vardanyanın da vicdanındakı ləkə heç vaxt yuyulmayacaq. Adam Azərbaycana qarşı təxribatla məşğul olub, dövlətçiliyimiz əleyhinə çalışıb. Onu bağışlamaq olmaz".