Lakin Mərkəzin yaradılması və türk hərbçilərin orada olması Azərbaycanın əlini gücləndirən amil idi
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb. Aprelin 26-da Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin təntənəli bağlanış mərasimi keçirilib. Mərasimdə müdafiə nazirinin birinci müavini general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər. General-polkovnik K.Vəliyev Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyası arasında imzalanmış 11 noyabr 2020-ci il tarixli Memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışıb. Baş Qərargah rəisi 2021-ci ilin yanvar ayının 30-dan regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətinə görə türkiyəli və rusiyalı hərbi qulluqçulara minnətdarlığını bildirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb. Həmçinin qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb. Vurğulanıb ki, Türkiyə ilə Rusiya arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi yaradılıb. 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini bütün ölkə ərazisində bərpa edib. Bununla əlaqədar Rusiya Sülhməramlı Kontingenti bir neçə gün əvvəl Qarabağ bölgəsini tərk etməyə başladığından Birgə Mərkəzin fəaliyyətinə də ehtiyac qalmayıb.
Türkiyə Milli Müdafiə Nazirliyinin Quru Qoşunlarının Baş Qərargah rəisi general-leytenant Levent Ergün deyib ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycan və Ermənistan tərəfləri arasında atəşkəsi təmin etmək və qorumaq məqsədilə 4 hektarlıq ərazidə 65 xidmət sahəsinin olduğu bir kompleks olaraq fəaliyyət göstərib: “Birgə Monitorinq Mərkəzinin üzvləri bu müddət ərzində çətin şərait daxilində yaxşı niyyət və qarşılıqlı hörmət prinsipini qoruyaraq fəaliyyət göstəriblər, Azərbaycanın ərazi bütövlüyü təmin edilənə qədər atəşkəsin qorunması prinsipini problemsiz şəkildə davam etdiriblər. Beləliklə, iki ölkənin sülh və barış naminə qərarlılığı yüksək qiymətləndirilməklə dünya ictimaiyyəti tərəfindən yaxından izlənilib. Türkiyə və Rusiya hərbçilərinin ortaq olaraq fəaliyyət göstərdiyi 3 il 3 ay ərzində birlikdə etdiyimiz bayramlar, mədəni-ictimai qarşılıqlı münasibətlər, dil kursları iki ölkənin qarşılıqlı xoş bağlarını daha da gücləndirib. Bu mənada, Birgə Monitorinq Mərkəzində xidmət edən rəhbər heyət başda olmaqla bütün Rusiya Federasiyası əsgərlərinə təşəkkürlərimi ifadə edirəm. Ayrıca Birgə Monitorinq Mərkəzinin xidməti boyunca bizə bütün mövzularda köməyini əsirgəməyən dost və qardaş Azərbaycan Ordusunun rəhbər heyətinə və əsgərlərinə şükranlarımı bildirirəm".
Siyasi şərhçi Asif Nərimanlı deyib ki, sülhməramlıların Qarabağdan çıxarılmasının məntiqi davamı olaraq Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlandı:
“Bölgədə separatizm mövcud olduğu dövrdə bu mərkəz faktiki heç nə edə bilmirdi. Rəsmi Bakı baş verən insidentlər haqda mərkəzi məlumatlandırmaqla türk hərbçilərini prosesə qoşmağa çalışsa da, Rusiya sülhməramlıları onların arxa planda qalması üçün hər şeyi edirdi və əksər vaxt nail olurdu. Lakin Monitorinq Mərkəzinin yaradılması və türk hərbçilərin orada olması, heç nə etməsələr belə, Azərbaycanın əlini gücləndirən, sülhməramlıların öz missiyalarından kənar fəaliyyətinə qarşı müqavimətini artıran amil idi. Dövlət başçısı İlham Əliyev məhz buna görə 10 noyabr razılaşmasına Monitorinq Mərkəzinin yaradılması və Türkiyə hərbçilərinin bölgəyə gətirilməsi məsələsini daxil etmişdi. Qarabağda əldə edilən nəticədə onların da müəyyən qədər payı var".