İyuna qədər Rusiya ciddi zərbələr alacaq
"ABŞ tərəfindən Ukraynaya öldürücü və hücum silahları göndərilir. Ukraynanın silhalandırılmasının ikinci mərhələsi başlayıb". Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, göndəriləcək silahlar ilk növbədə Rusiya ordusunun arxa cəbhə logistikasını sıradan çıxarmağa hesablanıb: "Hətta növbəti aylarda Krım körpüsü vurula bilər. Həmçinin işğal olunmuş ərazilərdə dəmir və avtomobil yolları sıradan çıxarılacaq. Əsas hədəf Rusiya ordusunun hərəkətini çətinləşdirməkdir. Eyni zamanda Ukraynanın havadan müdafiə sistemi də təkmilləşdiriləcək. Rusiya üçün çətin aylar başlayır. Ukrayna ordusu Krım istiqamətində hədəfləri məhv edir və hücumları artırır. Qərbin Ukraynaya verdiyi silahları ABŞ və alman hərbiçilər idarə edirlər. Ukraynada döyüşmək üçün legioner qruplar hücum əməliyyatlarını gözləyir".
Analitikə görə, iyunda İsveçrədə başlayacaq Ukrayna üçün sülh forumuna kimi Rusiya ordusuna ciddi zərbələr vurulması planlaşdırılır: "Bundan sonra Rusiyanın yeni ərazilər işğal etməsi çətinləşəcək. Rusiya və Ukrayna danışıqlarına gəldikdə, yaxın perspektivdə bu, mümkün deyil. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin danışıqlarla həll yolu gözlənilmir. Çünki Qərblə Rusiya arasında hərbi konfontrasiya birinin məğlubiyyəti ilə nəticələnməlidir. Qərb müharibəyə vəsait xərclədikdən sonra geri çəkilməsi mümkün deyil. Rusiyanı Ukraynada ağır məğlubiyyət gözləyir. Bunun nüvə müharibəsinə keçməsi isə gözlənilmir".