Başkənd çox önəmli tarixi strateji mövqeyə malikdir
"Başkənd sovet Rusiyası tərəfindən zorla Azərbaycandan alınaraq Ermənistana verilmişdi”
"Başkənd sovet Rusiyası tərəfindən zorla Azərbaycandan alınaraq Ermənistana verilmişdi”
Ötən gün İTV-nin efirində Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin qaytarılmasının müzakirəsi zamanı bəzi ekspertlərin səsləndiriyi ifadələr ictimaiyyətdə birmənalı qarşılanmayıb. Proqram qonaqlarının ifadələrinə etiraz edənlərdən biri Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Əziz Əlibəyli olub. O, sosial şəbəkə hesabında yazıb ki, İTV-nin “Azərbaycanın dörd eksklav kəndi mübadilə edilə bilərmi” sualını şərh edən millət vəkili Rasim Musabəyov Gədəbəyin Başkənd kəndinin heç bir "strateji əhəmiyyəti" olmadığını deyib və gələcəkdə mübadilə üçün əsas yaratmağa cəhd edib. O, deputata iradını bildirib: "Musabəyov bilməli idi ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir". Ekspertlərin fikrincə, hazırda regionda həssas geosiyasi vəziyyət hakimdir. Azərbaycan 30 il sonra regionda reallıqları dəyişib. Qazaxın 4 qeyri-anklav kəndi bir güllə belə atılmadan Azərbaycana qaytarılıb. Delimitasiya prosesi uğurla davam edir və ən əsası prosesin davamı üçün sərhəd komissiyalarının görüşləri keçirilir. Belə bir zamanda “Başkənd” kimi həssas bir məsələyə toxunmaq və yanlış anlaşılan fikir səsləndirmək yolverilməzdir. Ümumiyyətlə, prosesin bundan sonra necə olacağına dair konkret nəsə demək hələlik mümkün deyil. Bəli, sülh müqaviləsinə çox yaxınıq, amma ölkə başçısının da dediyi kimi, delimitasiya prosesi uzun bir məsələdir və sülh müqaviləsindən sonra da davam edə bilər. Bundan başqa regiondakı həssas siyasi və geosiyasi vəziyyəti də unutmaq olmaz. Qeyd edək ki, Başkənd və digər mübahisəli məsələlərə dair hələlik konkret yanaşma yoxdur. Azərbaycan rəsmi səviyyədə məsələ ilə bağlı açıqlama verməyib. Mübahisəli məsələlərin həlli danışıqlardan, təmaslardan asılıdır.
Tarixçi-alim Faiq Ələkbərli "sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Qazaxın sadəcə anklav olmayan 4 kəndini qaytarmaq barədə razılıq verib. Qazaxın üç kəndi və Naxçıvanın Kərki kəndi anklav ərazilər sayılır. Ekspertin sözlərinə görə, Ermənistan da Gədəbəyin Başkənd kəndinin anklav olduğunu iddia edir və geri verilməsi məsələsini gündəmə gətirir:
"Başkənd sovet Rusiyası tərəfindən zorla Azərbaycandan alınaraq Ermənistana verilmişdi. Hesab edirəm ki, Gədəbəydəki Başkənd çox önəmli strateji mövqeyə malikdir. Başkənd təkcə Gədəbəy, yaxud Qazax və Tovuz üçün deyil, ümumən bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Bunu Gədəbəydə doğulmuş, o yerləri yaxşı tanıyan biri kimi deyirəm. Əfsuslar ki, bəzi deputatlar, özünü "politoloq" kimi təqdim edənlər Başkəndin strateji əhəmiyyətə malik olmadığını iddia edirlər. Bu, qətiyyən doğru deyil. Başkənd strateji yerdir və ən əsası odur ki, Azərbaycanın tarixi torpaqlarının bir hissəsidir. Sadəcə, 1920-ci illərin sonlarında Göyçə, Zəngəzur və digər torpaqlarımızın xeyli qismi Ermənistan SSRİ-yə hansı əsasla zorla verilmişdisə, Başkənd də eyni siyasətlə ermənilərə verilmişdi. Şübhəsiz, bu siyasətin başında sovet rəhbərliyi dayanmışdı. Bu baxımdan Başkənd həm tarixi, həm də strateji əhəmiyyətinə görə Azərbaycanın tərkibində qalmalıdır və qalacaq".
Alimin fikrincə, təəssüf doğuran hal içimizdəki bəzi məlumatsız şəxslərin Başkənd haqqında yanlış təsəvvür yaratması, doğru olmayan fikirlər bəyan etməsidir: "Bu da ondan qaynaqlanır ki, həmin şəxslər Başkəndin tarixi önəmindən, strateji əhəmiyyətindən xəbərsizdirlər. Heç bir halda Başkənd mübadilə predmeti ola bilməz. Azərbaycan istənilən halda Qazaxın digər 3 və Naxçıvanın Kərki kəndini geri qaytaracaq. Bunun hansı formada olacağını zaman göstərəcək. Amma məsələnin Başkəndlə əlaqəsi olmayacaq".