Böyük ehtimalla oradan da Rusiyanın başqa ərazilərinə daşınacaq
Rusiya sülhməramlıları kontingentinin texnikaları dünən "Laçın" dövlət sərhədinin buraxılış məntəqəsindən Ermənistana keçib. Sosial şəbəkədə görüntülər paylaşılıb. Qeyd edək ki, Rusiya sülhməramlı kontingentin Azərbaycan ərazisindən çıxması prosesi davam edir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da ötən gün etiraf edib ki, Qarabağdan Rusiya sülhməramlılarının karvanı Ermənistanın Sünik rayonunun Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb. Onun sözlərinə görə, Ermənistan hökuməti Gorus və Sisianda Rusiya sülhməramlı birləşmələrinə müvəqqəti dislokasiya məntəqələri ayırıb: "Rusiya sülhməramlı qoşunları Qarabağı tərk etdiyinə görə, təbii ki, onlar Ermənistanda da qala bilməzlər. Qarabağdan gələn sülhməramlılardan ibarət qrup və konvoy onların bağlanması üzrə işlərin təşkili üçün Gorus və Sisiandakı müvəqqəti dislokasiya məntəqələrinə yollanıb”.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Rusiyanın "sülhməramlı" adlı ordusunun Azərbaycan ərazisindən çıxaraq üçüncü ölkəyə getməsi bizi narahat etməməlidir. Ekspertin sözlərinə görə, əsas məsələ rus hərbçilərinin Azərbaycan ərazisini tərk etməsidir və zamanla indi getdikləri yerdən də çıxacaqlar:
"Əgər Rusiya sülhməramlı kontingenti ərazilərimizdə olduğu müddətdə bizə hansısa ziyan yetirə bilmədisə, hara getməsindən asılı olmayaraq torpaqlarımızı tərk etdikdən sonra da heç nə edə bilməzlər. Əslində, Rusiya hərbi kontingentinin Ermənistan ərazisinə keçməsi normal haldır, çünki həmin ordu ərazimizə elə Ermənistan ərazisindən gəlmişdi. Böyük ehtimalla oradan da Rusiyanın başqa ərazilərinə daşınacaq. Rusiya hərbçilərinin Ukraynaya getmə ehtimalı mümkündür. Azərbaycan və Rusiya artıq öz aralarındakı məsələləri həll ediblər və nəticədə Rusiya ordusunu ərazimizdən çıxarıb. Təbii ki, burada Rusiya üçün məcburi amillər də az rol oynamayıb. Bundan sonra Azərbaycan və Rusiya arasında münasibətlər elə formalaşacaq ki, hansısa mərhələdə orduların yerləşməsi prosesindən tərəflərdən heç biri narahat olmayacaq".