Məqsəd COP29-a qədər sülhün əsas prinsiplərini özündə əks etdirən çərçivə sazişini imzalamaqdır
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi davam edir. İlkin nəticələr müsbətdir. Son məlumata görə, sərhədlərin müəyyənləşdirilməsi istiqamətində artıq 30-ya yaxın dirək quraşdırılıb. Ekspertlərin rəyinə görə, sərhədin müəyyənləşdirilməsinin sonrakı mərhələlərində müəyyən mübahisələr yarana bilər. Hər halda sərhədin delimitasiya və demarkasiyası prosesinin qısa müddətdə başa çatdırılması mümkün deyil. Ancaq Qazaxa bitişik 4 kəndin qaytarılması mühüm uğurdur. Digər 4 kəndlə bağlı da danışıqların davam edəcəyi deyilir. O da məlumdur ki, sülh və ya çərçivə sazişinə bütün problemli məsələləri daxil etmək mümkün olmayacaq. Erməni ekspert Vardan Voskanyan iddia edib ki, delimitasiya prosesi burada həyata keçirilsə, Azərbaycan Ordusu alternativ yoldan təxminən 20 metr aralıda yerləşəcək. Onun sözlərinə görə, bu, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Kirantsdan keçən hissəsidir. Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan sərhədin delimitasiyası prosesindən danışarkən Azərbaycan Ordusunun yaxınlıqda yerləşməsinin təhlükəli olmadığını deyib: “Erməni sakinlər düşünsünlər ki, nə yaxşı Azərbaycan sərhədi 50 metr uzaqdan başlayır, rahat ticarətlə məşğul ola biləcəklər”.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a bildirib ki, aprel ayının 17-də Ermənistan-Azərbaycan münasibətlərində kəskin dönüş qeydə alındı və birdən-birə bəlli oldu ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya hər iki tərəfdən müəyyən razılıq əldə ediblər. Deputatın sözlərinə görə, artıq həm delimitasiya, həm də demarkasiya prosesi başlayıb və dirəklər basdılırılıb:
"Bundan sonra hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini proqnozlaşdırmaq üçün iki məsələyə diqqət yetirməliyik. İlk növbədə birinci addımdan sonrakı prosesə nəzər yetirməliyik. Burada irəliləyiş olduğunu görürük və sərhəd dirəklərinin də artması buna dəlalət edir. Bu, mühüm hadisədir. Digər məsələ odur ki, Ermənistanda sərhədlərin dəqiqləşməsinə müqavimət göstərmək istəyən radikallar zərərsizləşdirilir. Bu da sülhə doğru ümidlər yaradır. Azərbaycan bu prosesdə irəliləmək üçün iradə nümayiş etdirir. Bu, Ermənistan-Azərbaycan münasibətləri və daxili faktorlardan ibarət olan məsələlərdir. Bu istiqamətdə dinamika pozitivdir. İkinci istiqamət xarici ölkələrin məsələyə münasibətidir. Diqqət yetirsək, görərik ki, Almaniya, ABŞ və digər aparıcı ölkələr bu prosesi dəstəklədiklərini ifadə edirlər. Bu da müsbət proqnozlar vermək üçün optimist rəy yaradır".
Parlamentari əlavə edib ki, başqa bir addım Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünün razılaşdırılmasıdır: "Bunların hər biri onu deməyə əsas verir ki, sülhə doğru yola çıxmışıq. Əgər ekstraordinar hadisə baş verməsə, erməni təxribatı olmazsa, yəqin ki, proses irəliləyəcək. Məqsəd də Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, COP29-a qədər sülhün əsas prinsiplərini özündə əks etdirən çərçivə sazişini imzalamaqdır. Düşünürəm ki, bu, mümkün olacaq. Əlbəttə ki, Ermənistan-Azərbaycan sərhədinin hər yerində rahat dəqiqləşmə olması inandırıcı deyil, vaxtaşırı müəyyən problemlər yarana bilər. Amma əsas odur ki, delimitasiya və demarkasiyanın bir metodikası yaranıb və bu iş paralel gedir".