Qazaxıstan sadəcə olaraq Azərbaycanla Ermənistan arasında razılaşmanı arzulayan əsas dövlətlərdəndir
Azərbaycan və Ermənistan XİN başçılarının Astanada görüşü gözlənilir. Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib ki, Qazaxıstan hakimiyyəti Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq. A.Smadiyarov vurğulayıb ki, Azərbaycan və Ermənistandakı həmkarlarla əlaqə saxlayırlar: "Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Qeyd etmək istərdim ki, Astananın vasitəçiliyindən danışmırıq, biz yalnız xoşməramlı xidmətlər, “good offices” (yaxşı ofis) təqdim edirik".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarovun “Astana Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almatıda görüşünü təşkil edərkən danışıqlarda vasitəçi rolunu oynamayacaq” açıqlamasını faydalı hesab edir: "Azərbaycanla Ermənistana vasitəçi lazım deyil, birbaşa danışıqlar müsbət nəticə verir. 30 il ərzində nə qədər vasitəçi oldu, heç biri işə yaramadı. Tərəflərin vasitəçiyə yox, görüş üçün məkana ehtiyacları var, onu da Qazaxıstan hakimiyyəti təqdim edir. Qazaxıstan XİN nümayəndəsi Astananın təklifini “good offices” (yaxşı ofis) kimi qiymətləndirib. Qazaxıstan vasitəçi olmasa da, Azərbaycanla Ermənistan arasında razılaşmanın əldə edilməsini arzulayan əsas dövlətlərdəndir. Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir. Bu dəhliz Qazaxıstanın da baş rol oynayacağı Orta dəhliz layihəsinin reallaşmasını sürətləndirəcək. Qazaxıstan prezitentinin qısa zaman kəsiyində Azərbaycana və Ermənistana səfərləri həm də bununla bağlı idi".