Lakin Fransanın separatçı tör-töküntülərə dəstək verməsi yaxın zamanda bitməyəcək
Fransa hökuməti anti-Azərbaycan addımlarından vaz keçmir. Paytaxt Paris şəhərinin meri Ann İdalqo keçmiş separatçı rejimin nümayəndəsi Artak Beqlaryana Parisin ən yüksək medalı “Qran Vermeil”i verib. Separatçı Parisdə qondarma soyqırımla bağlı keçirilən tədbirə İdalqonun dəvəti ilə qatılıb. Digər rəsmilər də iştirak ediblər. Beqlaryan indi də separatçı fəaliyyətlərini davam etdirir. O, “Artsax ittifaqı” adlı özündən ibarət bir “təşkilat” qurub.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında təəssüflə vurğulayıb ki, Fransa rəhbərliyinin separatçı tör-töküntülərə arxa çıxması, dəstək verməsi yaxın zamanda bitməyəcək. Analitik vurğulayıb ki, bitmiş Qarabağ məsələsini əlində saxlamaq Fransanın əlində Azərbaycana qarşı təzyiq alətidir:
"Paris bu təzyiq alətindən hələ bir müddət istifadə etməyə çalışacaq. Hərçənd, onlar da başa düşürlər ki, artıq Ermənistan hökuməti Qarabağ yükünü öz üzərindən atıb. Paşinyan hökuməti bu yükü yenidən üzərinə götürmək niyyətində deyil və bunu dəfələrlə bəyan edib. Əgər Ermənistan özü Qarabağdan birmənalı imtina edibsə, Fransa, yaxud başqa bir ölkənin bunu gündəmə qaytarma cəhdləri ciddi qəbul edilməməlidir. Paris bu məsələdən təzyiq vasitəsi kimi istifadə etməkdədir. Yəqin ki, bunu müəyyən bir müddət davam etdirəcəklər. Əvvəl-axır dərk edəcəklər ki, bu cür cəhdlər mənasız, əhəmiyyətsizdir, ondan sonra əl çəkəcəklər".