Bu, Bakıya qarşı sərgilənən hazırkı sərt mövqeyi bir qədər yumşalda bilər
Ötən həftə Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş tutdu və Berlin şəhərində "15-ci Petersberq İqlim Dialoqu" keçirildi. Eyni zamanda Azərbaycan liderinin Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü oldu. Həmçinin dövlət başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü keçirildi. Ekspertlərin fikrincə, Prezidentin Almaniyaya səfəri bir sıra istiqamətlər üzrə mühüm xarakter daşıyır. Ümumilikdə şahidi oluruq ki, Azərbaycanın dünyada baş verən qlobal hadisələrin həllində rolu gün keçdikcə daha da artır. Azərbaycanın Avropa İttifaqında aparıcı siyasi qüvvələrdən olan Almaniya ilə sıx əməkdaşlığı həm də ölkənin beynəlxalq münasibətlər sistemində güclənən mövqeyindən xəbər verir. Son dövrlərdə Fransadan fərqli olaraq Almaniya Cənubi Qafqazda sülhün bərqərar olunmasındakı dəstəyinin açıq şəkildə şahidi oluruq. Almaniyanın Cənubi Qafqazda sülhün bərqərar olunması ilə bağlı bitərəf mövqeyi var.
AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun tədbirdə iştirakı çərçivəsində keçirdiyi görüşlər çox məhsuldar olub. Ekspert bildirib ki, Prezidentin Almaniya Federativ Respublikasının Dövlət Kansleri Olaf Şoltsla apardığı müzakirələr əsasən yaşıl enerji məsələlərinə, enerji təhlükəsizliyinə, yəni daha qlobal mövzulara həsr olunsa da, Ermənistan-Azərbaycan arasında normallaşma prosesi də xüsusi diqqət mərkəzində olub:
"Almaniya Avropa qurumlarında aparıcı ölkədir və Berlin təkcə Avropa qitəsində deyil, ümumilikdə dünya siyasətinin müəyyənləşdirilməsində, habelə iqtisadi güc baxımından da mühüm rola malikdir. Hər iki prezident görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması, demarkasiya və geodeziya işlərinin həyata keçirilməsi, eləcə də birbaşa təmasların davam etdirilməsi barədə fikirlərini ifadə ediblər. Azərbaycan Prezidenti bir daha bəyan edib ki, ölkəsi regionda davamlı sülhün və təhlükəsizliyin əldə olunmasında maraqlıdır. Dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə sadiq qaldığını bir daha vurğuladı. Hesab edirəm ki, Qərbin Azərbaycana intensiv haqsız təzyiqləri fonunda Prezidentin Almaniyaya işgüzar səfəri çox vacib idi. Bu, Bakıya qarşı sərgilənən hazırkı sərt mövqeyi bir qədər yumşalda bilər. Federativ Respublikanın dövlət kanslerinin normallaşma prosesi istiqamətində aparılan danışıqları və görülən işləri təşviq etdiyini söyləməsi onu deməyə əsas ki, Qərbdə də yanaşma fərqlidir. Fransadan fərqli olaraq Berlinin konstruktiv mövqeyini görmək mümkündür".