Erməniləri inqilaba səsləyənlərin aqibəti necə olacaq? 

Kəndlər qaytarılır, sülh də gələcək

Paşinyan Azərbaycanın təqdim etdiyi ikitərəfli, vasitəçisiz danışıqların iştirakçısına çevrilib

  Aprelin 19-da Bakı və İrəvan arasında delimitasiya prosesinə başlamaq və birgə komissiyanın əsasnaməsi üzərində işi iyulun 1-dək yekunlaşdırmaqla bağlı razılıq Ermənistanda müəyyən etirazlara səbəb olub. Həmin günün axşam saatlarından başlayaraq Tavuşun sərhəd kəndlərinin İrəvanla Bakı arasında razılaşmalardan narazı olan sakinləri etiraz aksiyaları keçirirlər. Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası barədə əldə olunan razılaşmalara etiraz edən bir qrup İrəvan-Gümrü yolunu bağlayıblar. Digər qrup isə İrəvan-Tbilisi yolunu bağlamağa çalışıb. Nəticədə kütlə ilə polis arasında toqquşma olub. Saxlanılanlar arasında ehtiyatda olan polkovnik Qriqor Qriqoryan da var. Tavuş vilayətindəki etirazlara qoşulan 12 nəfər hərbi qulluqçu cinayət məsuliyyətinə cəlb olunub. Bildirilib ki, istintaq sirri olduğundan adları ictimaiyyətə açıqlanmayan hərbçilər tabeliyindəki əsgərlərə etirazların baş verdiyi əraziyə getməyi tapşırıb. Hərbi qulluqçular əraziyə çatdıqdan sonra onlara təhkim olunmuş silahları yerə ataraq, aksiya iştirakçılarına qatılıblar. 
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, həm Ermənistan daxilində, həm də xaricdə müəyyən dairələr etiraz aksiyalarından öz məqsədləri üçün istifadə edirlər. Analitik bildirib ki, kilsə, radikal müxalifət aksiyaların kütləvi hal almasını, 2018-ci ilin təkrarlanmasını istəyirlər: 

"Bəzi erməni ekspertlər də məsələni elə təqdim edirlər ki, guya, Ermənistan Azərbaycana "torpaq güzəştə" gedir. Ermənistan bizə hansısa ərazisini güzəştə getmir, işğal etdiyini qaytarır. Zəngəzur dəhlizinin açılması həmin bölgənin, yəni tarixi torpaqlarımızın bizə qaytarılması demək deyil. Sadəcə, yol verilir və bundan Ermənistan özü də qazanır. Azərbaycanın Ermənistana hansısa ərazi iddiası yoxdur. Hər iki tərəf Almatı bəyannaməsinə razılıq verib. Həmin razılaşmada 1991-ci ilin sərhədləri əsas götürülür. Sadəcə olaraq müəyyən siyasi şərhçilər, müxalif dairələr mətbuat vasitəsilə erməniləri inqilaba səsləyir, Paşinyanı güzəştə gedən, erməni maraqlarını Azərbaycana və Türkiyəyə satan şəxs kimi təqdim edirlər. Amma müxalifətin cədhləri uğursuzdur. Hətta etirazçıların sayı 5 minə çatsa belə, nəticə olmayacaq. Çünki Paşinyan mitinq məsələsində çox peşəkardır. Müxalifət etiraz üçün 5 min toplaya bilsə, Paşinyan İrəvan küçələrində 30 minlik dəstək mitinqi keçirəcək. Bu məsələdə Paşinyana uduzacaqlar. Obyektiv yanaşsaq, Paşinyanın hakimiyyətdə olması bizim maraqlarımıza uyğundur. Ermənistan Baş naziri Azərbaycanın təqdim etdiyi ikitərəfli, vasitəçisiz danışıqların iştirakçısına çevrilib".