Makron səfiri bir müddət də Parisdə saxlasaydı...

Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar

  Fransanın ölkəmizdəki səfiri Ann Buayon Azərbaycana qayıdıb və diplomatik fəaliyyətini davam etdirməyə başlayıb. Xatırladaq ki, Fransanın Azərbaycandakı səfiri Bakı və Paris arasında gərginləşən münasibətlər fonunda məsləhətləşmələr üçün geri çağırılmışdı. Fransa XİN-in yaydığı bəyanatda qeyd olunmuşdu ki, xanım diplomatı Fransa Prezidenti Emmanuel Makron qəbul edib. Bəyanatda həmçinin Azərbaycan ittiham olunmuş, rəsmi Bakı Parislə əlaqələrə zərbə vurmaqda suçlanmışdı.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Fransa Prezidenti Emmanuel Makron nümayişkaranə şəkildə aprelin 16-da Fransanın Azərbaycandakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmış və şəxsən onunla görüşmüşdü. Ekspertin sözlərinə görə, Makronun bu hərəkəti anti-Azərbaycan addımı kimi qiymətləndirilirdi: "Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı. Bu isə münasibətlərin daha dibə vurması demək olacaqdı. Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və Prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü.
Beləliklə, Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib. Bu isə o deməkdir ki, əslində, Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O, bu siyasətindən geri çəkiləcəkmi, bunu yaxın aylarda görəcəyik. Hələliksə, Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi Parisdə tədbirlərə dəvət edir və bir qisminə mükafatlar təqdim edirlər".