Pekinin ziddiyyətlərdən doğan boşluqlara sızmaq üçün fürsəti yaranır
Fələstinin HƏMAS və FƏTH hərəkatları Pekində Çinin vasitəçiliyi ilə milli barışığa dair danışıqlar aparıb. Görüş Çin tərəfinin dəvəti ilə baş tutub. Qeyd edilib ki, FƏTH və HƏMAS nümayəndələri Fələstində milli barışıq məsələsinə dair “dərin və səmimi” dialoq keçiriblər. Bildirilib ki, hər iki tərəf dialoq və məsləhətləşmələr yolu ilə siyasi konsensusun əldə edilməsində maraqlı olduğunu ifadə edib. Əlavə edilib ki, görüş zamanı tərəflər bir çox məsələlərlə bağlı “ümidverici irəliləyişə” nail olublar və qısa zamanda Fələstinin birliyi və həmrəyliyinin təmin edilməsi üçün dialoq prosesini davam etdirməyə razılaşıblar. Çin XİN-in məlumatına görə, hər iki hərəkat bu təşəbbüsünə görə rəsmi Pekinə öz təşəkkürlərini ifadə edib. Xatırladaq ki, FƏTH və HƏMAS arasındakı analoji formatda milli barışıq danışıqları fevral ayında Moskvada keçirilmişdi.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında deyib ki, Qəzza zolağına nəzarət edən HƏMAS-la Fələstin Muxtariyyətinin təmsilçisi olan FƏTH arasındakı gərginliyin aradan qaldırılmasında Çinin vasitəçiliyi iki məqamla diqqət çəkir. Ekspertin sözlərinə görə, Pekin Yaxın Şərqdə ABŞ-nin əhəmiyyətli sıxışdırılmasının aktiv tərəfdarıdır:
"Vaşinqtonun isə Qəzza zolağındakı müharibəni idarəedilə bilən səviyyədə dayandırmaq cəhdləri boşa çıxır. Çünki onun İsraillə qırılmış ipləri yenidən bərpa etmək istəklərinə Təl-Əvivdən müsbət cavab verilmir. Çin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyi ilə Yaxın Şərqdə geosiyasi ambisiya qoyduğunu göstərəndən sonra münaqişələrin həllinə olan həvəsini artırıb. İndi aydın görünür ki, Çin HƏMAS-ın Fələstin Muxtariyyətinə daxil edilməsini asanlaşdırmaq üçün danışıqlar masası qurur və prosesdə etibarlı broker olmaq niyyətini göstərir. Pekinin “Fələstindaxili barışıq” modeli, güman ki, daha geniş mənada İsrail-Fələstin münaqişəsinin nizamlanması üçün atılan qarmaqların tərkib hissəsidir. Çinin belə dinamikası Rusiyanın da mövqeyi ilə səsləşir və ümumilikdə Fələstində konsensus hökuməti yaratmaq planını əks etdirir. Ancaq Yaxın Şərq arenasında Çinin münaqişə arteriyalarına müdaxilə cəhdləri ABŞ-ni adekvat cavab tədbirlərinə vadar edir. Buna görə də ABŞ hər necə olursa-olsun, İsraili Çinin vasitəçilik vədlərinə inanmamağa dəvət edə bilər".
Analitikə görə, İsraillə ABŞ arasında İran mövzusundan tutmuş, Rəfahda quru əməliyyatına qədər məsələlərdə fikir ayrılıqları mövcuddur: "Pekinin isə bu ziddiyyətlərdən doğan boşluqlara sızmaq üçün fürsəti yaranır. Böyük bir ehtimalla Çin maneələri aşmaq üçün Rusiya ilə mövqelərini tutuşduracaq. Hələlik ABŞ-nin Çinin genişlənən maraqları qarşısında həlledici addımları görünmür. Vaşinqton nəticə əldə etmək üçün münaqişələrin alovunun bir qədər yüksəlməsini seçim kimi nəzərdən keçirə bilər. Məsələn, İranla İsrail arasında tənzimlənən qarşıdurma ABŞ-nin Yaxın Şərqdə potensial imkanlarını artıran vasitə kimi diqqətdə saxlanıla bilər".