Azərbaycan torpaqlarını əsarətdən qurtarmaqla Ermənistana sülhə məcbur etdi -AÇIQLAMA

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu lazımınca nəzərdən keçirilməlidir. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib. 
Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlət başçısı bildirib: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.

Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev "Sherg.az"a bildirib ki, cənab Prezidentin çıxışı zamanı söylədiyi fikir reallığı əks etdirir: 

"Beynəlxalq hüquqa əsasən bir ölkə digərinə təcəvüz edirsə, qanunvericilik, BMT və digər təşkilatlar həmin təcavüzkarların çıxardılması ilə bağlı qərarlar qəbul etməlidirlər. Ancaq Ermənistana qarşı heç bir sanksiyalar tətbiq etmədilər. Əslində Ermənistanın bu cür davranışlarına beynəlxalq təşkilatların dözümlükləri onları biraz da qızışdırdı. Uzun illərdir ki, Azərbaycan torpaqları əsarət altında qaldı, milyonlarla vətəndaş məcburi-köçkün statusu aldı. Eyni zamanda həmin ərazilər təmamilə yerlə yeksan edildi. Ancaq xarici ölkələr, beynəlxalq ictimaiyyət susqunluğunu qorudular. Azərbaycan bu zaman məcbur oldu ki, öz məsələsini təkbaşına həll etsin. Sülhə məcburetmə deyilən bir anlayış var. Həmçinin bu beynəlxalq konsepsiyada tez-tez istifadə olunur. Praktiki olaraq Azərbaycan torpaqlarını əsarətdən qurtarmaqla Ermənistana sülhə məcbur etdi. Torpaqlar işğal olanda müharibə əsas amil kimi istifadə olunmalıdır. Çünki beynəlxalq hüququn təminatçısı olan dövlətlər iqtisadi-siyasi maraqlarını təmin etməyə çalışırlar və konfliktin uzunmüddət davam etməsini istəyirlər. Azərbaycan bu dəfə də mühüm gediş etdi. Sülh danışıqlarının tərəflər arasında heç bir vasitəçi olmadan keçirilməsini təşkil etdi. Bu nüans bir çox uğurlu nəticələrin əldə olunmasına şərait yaradır. Azərbaycan bununla Cənubi Qafqazda sülhün bərqarar olmasına səy göstərir. Bir çox dövlətlər xüsusi ilə Fransa Ermənistanın sülh danışıqlarına getməsinin qarşısının almağa çalışır. Onsuz əhalisinin sayına görə, Azərbaycan Ermənistandan 3 dəfə çoxdur, iqtisadi potensialı da güclüdür. Ona görə də sülh danışıqları ilə ortaq məxrəcə gəlmək onlar üçün ən sərfəli variantdır".