Makron Fransası səmimi olmalıdır - ŞƏRH

Yeni müstəmləkəçiliyə son qoymalıdırlar

Yelisey Sarayında oturanlar siyasi korluqdan və təkəbbürdən əl çəkib öz səhvlərini etiraf etməlidirlər

“Bakıdakı Forumun kürsüsündən səsləndirilən bu çağırışların əks-sədası yəqin ki, Avropanın bir nömrəli neokolonialist ölkəsi sayılan Fransaya gedib çatacaq”

  Fransa neokolonial siyasətdən əl çəkmir və öz sərhədlərindən minlərlə kilometr uzaqda, Cənubi və Mərkəzi Amerika, Afrika, Asiya və Okeaniyada 13 ərazini hələ də nəzarətdə saxlayır. Fərqli inzibati-hüquqi statusda olan həmin ərazilər əsrlərdir ki, Fransanın istismarçı neokolonial siyasətinin qurbanına çevrilib. Həmin ərazilərdən ən böyüyü Fransız Qvianası hesab edilir. Fransız Qvianası Cənubi Amerika materikinin şimal-şərqində yerləşir və XVII əsrdən Fransa tərəfindən idarə olunur. Tarixə nəzər saldıqda, Fransanın müstəmləkə siyasətinin işğal etdiyi ərazilərdə etnik tərkibə, əhali sayına, həyat səviyyəsinə nə qədər mənfi təsir göstərdiyini Fransız Qvianasının timsalında görmək olar. Məhz fransız kolonistləri yerli hindu xalqlarını kütləvi şəkildə məhv ediblər. Yerli sərvətləri istismar etmək üçün Afrikadan qaradərili insanları qul kimi gətirərək işlətməyə başlayıblar. Amansız müstəmləkə siyasətinin nəticələri bu gün də hiss olunur. Fransa XXI əsrdə hələ də yerli əhalinin etirazlarına, sosial durumun ağırlığına baxmayaraq, irqi və milli zəmində ayrı-seçkilik tətbiq etdiyi regiona müstəqillik vermək istəmir. Əksinə, 1946-cı ildən bəri Fransa Fransız Qvianasını öz departamenti elan edərək onun üzərində nəzarəti daha da sıxlaşdırıb. Yerli sakinlərin siyasi və iqtisadi idarəçilikdən kənarlaşdırılması, tarixi müstəmləkə yaddaşı ilə birlikdə Fransız Qvianasında azadlıq mübarizəsinin yüksəlməsinə səbəb olub. Artıq bu etirazların, neokolonial Fransaya etirazların ilkin nəticələri var. Ötən ay yerli parlamentarilər, merlər və ərazi şuralarının üzvləri yerli hindu xalqının 6 nümayəndəsinin qanunverici orqanda təmsil olunması, onlara infrastruktur layihələri, o cümlədən yerli xalqların torpaq sahələri haqqında yekun qərar vermək hüququ verib. Onlar bu qərarı Yeni Kaledoniyada qəbul edilən analoji qərardan ruhlanaraq qəbul ediblər. Yeni Kaledoniya, eləcə də digər dənizaşırı bölgələrdə olduğu kimi, Fransız Qvianasında da müstəqillik meyilləri açıq müstəviyə keçib. Beləliklə, rəsmi Parisin 400 ildir, istismar etdiyi ən böyük koloniyası artıq əlindən çıxır. Bu proses neokolonializm ilə mübarizə aparan Azərbaycan tərəfindən də yaxından izlənilir. Fransanın kolonial siyasətinin qurbanı olan bölgələr də bunu bilir və Azərbaycanın prosesə verdiyi dəstəyi yüksək qiymətləndirir. Azərbaycan Prezidenti İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı da neokolonializmə növbəti ağır zərbə vurdu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi hər zaman yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmasını təşviq edib: “Hərəkatın üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni biz belə bir məsələyə imkan verə bilmərik ki, indi - XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Təbii ki, biz öz səsimizi ucaltdıqda, Hərəkatda sədrliyimiz zamanı bu məsələni qaldırdıqda, bu, onunla bağlı deyildi ki, biz hansısa ölkələrə qarşı idik. Biz, sadəcə, ədalətə, beynəlxalq hüquqa bağlı idik. Bu, yaddan çıxmalı deyil. Dünya məcburi assimilyasiyaya aparan belə bir iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Ondan çox fransız dənizaşırı ərazisində həyata keçirilən məcburi assimilyasiya əsla qəbuledilməzdir və buna son qoyulmalıdır”.
  Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Bakıdakı Forumun kürsüsündən səsləndirilən bu çağırışların əks-sədası yəqin ki, Avropanın bir nömrəli neokolonialist ölkəsi sayılan Fransaya gedib çatacaq. Ekspertin sözlərinə görə, Makron Fransası səmimi olmalı və Prezident İlham Əliyevin haqlı iradlarından düzgün nəticə çıxarmalıdır:

"Bu gün Yelisey Sarayında oturanlar siyasi korluqdan və təkəbbürdən əl çəkib öz səhvlərini etiraf etməlidir. Yeni müstəmləkəçiliyə son qoymalıdırlar. Onlar anlamalıdırlar ki, XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə gözü ilə yanaşması həqiqətən də rüsvayçılıq və yolverilməzdir. Bu mənada Azərbaycan Prezidentinin Fransaya üzünü tutaraq, “əgər siz insanlara xoş olan tolerantlıqdan, demokratiyadan, insan hüquqlarından danışıb, amma digər tərəfdən, dənizaşırında olan 10-dan artıq ərazidə bunun əksini edirsinizsə, bu, riyakarlıqdan, ikili standartlardan başqa bir şey deyil” ittihamını səsləndirməsi tam da yerinə düşür. Bakıdan səslənən bu bəyanat Fransanın yeni müstəmləkəçilik siyasətinin açıq şəkildə ifşasıdır. Bu mənada Azərbaycan liderinin çıxışından sonra rəsmi Parisin Dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı tətbiq etdiyi diskriminasiyalar və məhdudiyyətlərə, habelə Korsikada milli dilin qadağan olunması kimi neqativ hallara son qoyacağına ümid edirik". Analitik vurğulayıb ki, Prezidentin çıxışında Fransa ilə bərabər, yeni müstəmləkə tendensiyalarının yenə də davam etməsinə göz yuman, səssiz qalan Avropa Parlamenti və AŞPA kimi qurumların da ünvanına haqlı iradlar, qınaqlar səsləndirildi: "Çünki bu qurumlar Fransa kimi ölkələrin hegemon, neokolonialist siyasət yürütməsini görməzdən gəlir, onlara qarşı sanksiyalar tətbiq etmirlər. Lakin sözügedən qurumlardan fərqli olaraq Azərbaycan istər Qoşulmama Hərəkatının sədri olduğu dönəmdə, istərsə də cari siyasətində hər zaman neokolonializmə qarşı açıq çıxış edib. Çünki dövlətimizin başçısının da qeyd etdiyi kimi, "biz burada ikiüzlü ola bilmərik, ikili standartları tətbiq edə bilmərik".