Buna baxmayaraq, Amerikaya miqrasiya etmək istəyən çinlilərin sayı artıb
Çin lideri Si Cinpinin Avropa turnesi davam edərkən, Vaşinqton da Pekinlə dialoqu genişləndirib. ABŞ dövlət katibi Antoni Blinkenin Çinə səfərindən sonra onun Şərqi Asiya və Sakit Okean bölgəsi üzrə müşaviri Daniel Kritenbrinka da Pekinə səfər edib. Şərhçilərin fikrincə, bu səfər Pekini sakitləşdirmək üçün reallaşıb. Çünki aprelin 11-də ABŞ-Yaponiya-Filippin üçlü sammiti keçirilib. Bu görüş Pekində narahatlıq yaradıb. Vaşinqtonda keçirilən görüşdə ABŞ, Yaponiya və Filippin liderləri Çinlə ortaq mübarizə barədə geniş fikir mübadiləsi aparıblar.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Vaşinqton bir tərəfdən Çinə qarşı müxtəlif siyasi və hərbi bloklar formalaşdırır, o biri tərəfdən Pekinlə dialoqdan imtina etməyərək qarşıdurmadan çəkinir:
"Amerikalı diplomatların Pekinə artan səfərləri bununla bağlıdır. Vaşinqton istəmir ki, Pekin bölgədə hərbi gücünü artırsın və Tayvanı güc yoluyla Çinə birləşdirsin. Çinin hərbi gəmiləri mart ayında Filippinin ticarət gəmilərinə yaxınlaşıblar. Bundan sonra Filippin Çini hərbi güc nümayişində ittiham edib. Nəticədə iki ölkə arasındakı münasibətlər gərginləşib. Bu durum Vaşinqtonun işinə yarayıb, Filippinin ABŞ ilə siyasi və hərbi ittifaqı gücləndirməyə marağı artıb. Vaşinqton bölgədə AUKUS (ABŞ, Avstraliya və Böyük Britaniya) və QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) birliklərinin gücləndirilməsini davam etdirir. Bu birliklərdə yer alan dövlətlər Çinin “bir kəmər, bir yol” təşəbbüsünə qarşı alternativ layihələr üzərində düşünürlər. ABŞ-nin bölgədə Çinə qarşı formalaşdırdığı birliklərə Cənubi Koreya, Vyetnam və Yeni Zelandiya da maraq göstərir. Buna qarşı Pekin Moskva ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatını və BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatlarını gücləndirir. Ancaq bu təşkilatlar iqtisadi əlaqələrin genişlənməsini hədəfləyir, hərbi əməkdaşlıq nəzərdə tutulmur. Digər tərəfdən, bu təşkilatların bir sıra üzvü, o cümlədən Hindistan və Cənubi Afrika Respublikası Çinin və Rusiyanın maraqlarına görə ABŞ ilə qarşıdurmaya getmək istəmirlər. Bütün hallarda Çin və Rusiya dünyada ABŞ-nin hegemonluğuna son qoymaq üçün fəaliyyətlərini genişləndiriblər".
Ekspert vurğulayıb ki, Çinin ABŞ ilə mübarizə aparmasına baxmayaraq, ABŞ-yə miqrasiya etmək istəyən çinlilərin sayı artıb: "Çinlilər ABŞ-Meksika sərhədini keçmək istəyən ən böyük etnik qrupa çevriliblər. ABŞ-də sığınacaq almaq istəyən çinlilərin sayı təxminən 90 minə çatıb. Çinlilər turist adıyla ölkələrini tərk edir və daha sonra Meksika-ABŞ sərhədinə yollanırlar. Çinlilər sərhədə çatana qədər uzun məsafə qət edir, səyahətlərinə Latın və Mərkəzi Amerika ölkələrindən başlayırlar. Bu, təhlükəli səyahət sayılır, çünki çinlilər yol boyu silahlı şəxslər və meşələrdə bataqlıqlarla üzləşirlər".