Erməni nazir, eyni zamanda regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb
Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Tərəflər sərhədlərin müəyyənləşməsi və sülh sazişi ilə bağlı çox məsələni müzakirə ediblər. Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıdakı danışıqlarının iki gün davam edəcəyi bildirilib. Xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı ilə görüşdən əvvəl çıxışı zamanı bildirib ki, Almatıda aparılan danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından çox faydalı olacaq. Ceyhun Bayramov açıq qalan məsələlərdə həll yolları tapmaq üçün növbəti iki gün ərzində məhsuldar işləməyi bacaracaqlarına əminliyini ifadə edib. Nazir vurğulayıb ki, Qazax istiqamətində Azərbaycanla Ermənistan arasında sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası çərçivəsində müvafiq ərazilər minalardan təmizlənib, eyni zamanda coğrafi koordinatlar dəqiqləşdirilib. Nazir onu da bildirib ki, Berlindəki danışıqlardan sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı şərh mübadiləsi aparıblar. Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan da qeyd edib ki, Almatı görüşü Azərbaycanla sülh müqaviləsinin razılaşdırılmasına yönəlib. Onun sözlərinə görə, tərəflər yalnız sülh müqaviləsi ilə kifayətlənmək istəmir. Erməni nazir, eyni zamanda regionda nəqliyyat kommunikasiyalarının bərpasının tərəfdarı olduqlarını vurğulayıb.
Ağ Partiyanın sədri Tural Abbaslı deyib ki, Qazaxıstanda, yəni bir türk ölkəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün razılaşdırılmasının özü müsbət haldır. Partiya rəhbəri bildirib ki, Avropa, ABŞ, Rusiya yox, görüşün məhz Qazaxıstanda keçirilməsinə Ermənistanın da razılıq verməsi önəmli məqamdır:
"Qazaxıstan türk dünyasında öz çəkisi olan, Türk Dövlətləri Təşkilatının önəmli ölkələrindən biridir. Düzdür, bu məqamlar danışıqlara o qədər təsir etmir. Çünki tərəflər öz mövqelərini qoruyub saxlamağa çalışırlar. Qazaxıstan rəhbərliyi sadəcə görüş məkanı təklif edən tərəf olduğunu açıqlayıb. İstənilən halda görüş və müzakirələrin növbəti platforma kimi Almatıya daşınması önəmli gedişdir. Əgər sülh üçün müsbət addım atılmazsa, bunun səbəbkarı Ermənistan olacaq. Azərbaycan Prezidentinin konkret mövqeyi var ki, sərhədlərin delimitasiya və demarkasiya prosesini sülh müzakirələrindən, sülh sazişindən ayırmaq, ayrıca müzakirə etmək lazımdır. Amma ermənilər istəyir ki, delimitasiya və demarkasiya prosesi də sülh sazişinin içində olsun. Delimitasiya uzun prosesdir və qısa zamanda yekunlaşması imkansızdır. Əvvəlcə dəqiq xəritələr müəyyənləşməli, sərhədlərin müəyyənləşməsi onlara, əsasən addım-addım getməlidir. Amma təməl məsələlər üzrə sülh sazişi o deməkdir ki, sənədə imza atan tərəflər bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, normal qonşuluq siyasətinə əməl edəcəklərinə söz verirlər, bunlarla bağlı üzərlərinə öhdəlik götürürlər. Bu məsələdə İrəvanla Bakının mövqeyi hələlik üst-üstə düşmür və sülh sazişinin imzalanmasını uzadan da budur. Əgər Ermənistan bu məsələdə geri addım atmazsa, əfsuslar ki, yaxın zamanda sülh müqaviləsinin imzalanması mümkün olmayacaq".
Siyasi şərhçi Asif Nərimanlı da vurğulayıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilən görüşü nəticədən asılı olmayaraq ikitərəfli formatın fərqli formada reallaşmasıdır:
"Bundan sonra Bakı-İrəvan danışıqlarında iştirak etmək istəyən tərəflərin “vasitəçi” yox, platforma olması yönündə presedent yarana bilər. Görüşün məhz Almatı şəhərində keçirilməsi isə maraqlı detaldır. Şəhər seçiminin Qazaxıstanın təklifi olduğu deyilir. Lakin Ermənistanın Alma-Ata bəyannaməsində israrlı mövqeyi fonunda bu seçim diqqətdən yayınmır. “Alma-Ata bəyannaməsini Almatı görüşündə yenidən sənədləşdirməkmi istəyirlər” sualını ön plana çıxarır. Ermənistanın planının bu olduğu aydın görünür. Mümkündür ki, Almatıda əsas müzakirə mövzusu sülh sazişinin mətni üzərində olacaq. İndiyə qədər mətnlə bağlı Bakı-İrəvan xəttində məktublaşma baş verib. Nazirlər də son düzəliş və əlavələrin edildiyi variant üzərində dayanacaqlar. Bakı üçün İrəvanın əsas öhdəliyi Naxçıvana maneəsiz keçidin verilməsi - Zəngəzur dəhlizinin açılmasıdır. Bununla bağlı yeganə rəsmi sənəd 10 noyabr razılaşmasıdır. Dövlət başçısı İlham Əliyev də sonuncu çıxışında bunu vurğuladı. Lakin Paşinyan “razılaşmanın artıq qüvvədə” olmadığını deyərək, növbəti dəfə imtina etdi. İrəvan üçün Bakının “öhdəliyi” sərhədlə bağlı Alma-Ata bəyannaməsinə istinad edilən 19 aprel razılaşmasıdır. Erməni nazir də “öhdəliklərimiz” dedikdə, əslində Azərbaycanın “öhdəliyini” nəzərdə tutur. Bu o deməkdir ki, İrəvan Almatıda “sərhədin Alma-Ata bəyannaməsi əsasında müəyyən edilməsi” qeydinin daxil edildiyi sənədin imzalanmasına çalışacaq. Bunun mümkünlüyü isə sual altındadır".