“Vəziyyət belə qala bilməz. Beynəlxalq birlik tərəfindən konkret yol xəritəsi hazırlanmalı və tətbiq olunmalıdır”
İsrailin Rəfah əməliyyatına hazırlıq görməsi bölgədə vəziyyəti kritikləşdirib. HƏMAS atəşkəsə razılıq versə də, Təl-Əviv əməliyyatları davam etdirməkdə israrlıdır. Mayın 6-da İsrail ordusu şəhərin İsraillə sərhədə yaxın ərazilərindən fələstinliləri təxliyə etməyə başlayıb. İsrail müdafiə nazirinin ofisi təsdiq edib ki, nazir Baş Qərargahın rəisi ilə birgə Qəzzada aparılacaq hərbi əməliyyatlar, o cümlədən Rəfah əməliyyatı planını təsdiqləyib. Bu arada "Axios" portalı məlumat yayıb ki, ABŞ Dövlət katibi Antoni Blinken Konqresə İsraili Qəzzadakı hərəkətlərinə görə tənqid edən hesabat təqdim etməyi planlaşdırır. Hesabatda İsrail ordusunun iştirak etdiyi insidentlər sadalanacaq. Blinken Vaşinqtonun İsrailin hərəkətlərindən narazılığını vurğulayacaq. O, beynəlxalq humanitar hüququn pozulması və ya fələstinlilərə humanitar yardımın çatdırılmasında maneələr təsdiqlənərsə, İsrailə hərbi yardımın dayandırılmasının mümkünlüyünü açıqlayacaq. Bununla yanaşı, ABŞ Prezidenti Co Bayden Vaşinqton Holokost Muzeyində çıxışı zamanı deyib ki, aralarında olan fikir ayrılıqlarına baxmayaraq, o, yəhudi xalqının, İsrailin təhlükəsizliyinə və onun müstəqil yaşamaq hüququna tam sadiqdir. Eyni zamanda Bayden ölkə universitetlərində Fələstin tərəfdarı hərəkətlərini tənqid edib: “Heç bir Amerika şəhərciyində, Amerikanın heç bir yerində antisemitizm, nifrət və ya hər hansı bir zorakılıq təhdidinə yer yoxdur. Şiddətli hücumlar və maddi ziyan dinc etirazlar deyil. Bu, qanuna ziddir”.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli isə deyib ki, Rəfahda mümkün hərbi əməliyyat bütün dünyaya təsirini göstərəcək. O bildirib ki, İsrail qoşunları zəbt etdiyi Rəfah sərhəd-keçid məntəqəsindən dərhal geri çəkilməlidir: “Qəzzada atəşkəsin təmin edilməsi və girovlarla məhbusların qarşılıqlı olaraq azad edilməsi ilə bağlı son təklifin Fələstin tərəfindən qəbul edilməsini məmnuniyyətlə qarşıladıq”.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, İsrail-HƏMAS münaqişəsi beynəlxalq birliyin ən ciddi problemidir. Analitik hesab edir ki, qarşıdurmanın miqyasının genişlənməsi dünya savaşının başlanmasını sürətləndirə bilər:
"Yaxın Şərqdə ABŞ, Rusiya, İran, Türkiyə, Çin və başqa ölkələrin maraqları var. Münaqişənin davam etməsi vəziyyəti kritikləşdirə bilər. İsrailin Rəfaha hücuma etməsi böyük qarşıdurmaya gətirib çıxarar, digər oyunçuların münaqişəyə cəlb olunmasına səbəb olar. Düzdür, İsrail öz təhlükəsizliyini təmin etməyə çalışır. Yəni əmin olmaq istəyir ki, terrorçulardan heç bir təhlükə, təhdid görməyəcək. Ona görə də atəşkəsə tələsmir. Amma vəziyyət belə qala bilməz. Beynəlxalq birlik tərəfindən konkret yol xəritəsi hazırlanmalı və tətbiq olunmalıdır. Əks halda İsrailin hücumları daha çox tərəflərin müdaxiləsi ilə genişmiqyaslı toqquşmalara gətirib çıxarar".