ATƏT sülh prosesinə qatıla bilər?

Qapılar bağlıdır

Yan Borqun regiona səfəri çərçivəsində sadəcə rutin məsələlər müzakirə ediləcək

  Ermənistanın Baş naziri Nikol Paşinyan ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla görüşüb. Görüşdə ATƏT-lə əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər həmçinin Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Danışıqlarda Ermənistanla Azərbaycan arasındakı normallaşma prosesi də nəzərdən keçirilib. Yan Borq bildirib ki, rəhbəri olduğu təşkilat üzv ölkələrin yerləşdiyi regionlarda dayanıqlı sülh və sabitlik istiqamətindəki səyləri dəstəkləyir və mandatı çərçivəsində onların təşviqinə sadiqdir. Y.Borq Ermənistan XİN rəhbəri ilə görüşündə də deyib ki, ATƏT hərtərəfli və dayanıqlı sülh sazişinin əldə olunması üçün Azərbaycan və Ermənistanı apardıqları danışıqlarda dəstəkləməyə davam edəcək: "Anlayırıq ki, hər iki ölkə öz məsələlərini aydınlaşdırmaq və həll etmək üçün ikitərəfli səviyyəyə üstünlük verir və ATƏT olaraq biz bu yanaşmanı dəstəkləməyə hazırıq. Malta hər iki ölkə ilə dost münasibətlərə malikdir". Məlumat üçün deyək ki, ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borq mayın 14-də Azərbaycana da səfər edəcək. ATƏT sədri səfəri çərçivəsində bir sıra yüksəksəviyyəli görüşlər keçirəcək. Səfər zamanı qurumun Azərbaycandakı fəaliyyətinə diqqət yetiriləcək və regionda uzunmüddətli, davamlı sülhün əldə edilməsinə və münaqişələrin həllinə davamlı dəstəyi vurğulanacaq.
  Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Almatı şəhərindəki Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ikitərəfli görüşündən sonra ATƏT-in sədri ilə Baş nazir Nikol Paşinyanın görüşü və Bakıya planlaşdırılan səfəri bəzi suallar doğurur:

"Paşinyan Almatı görüşündən narahatlıq keçirib, ya əksinə, ATƏT görüşdən alınacaq nəticədən narahat olub?! Azərbaycan dövlətinin və ictimaiyyətinin ATƏT barədə fikirləri bəllidir. ATƏT məsələsi Azərbaycan üçün çoxdan bağlanıb. Ancaq görünən odur ki, Cənubi Qafqazda ATƏT sədrini İrəvana və Bakıya gətirməyə vadar edəcək proseslər gedir və bu, müəyyən dairələri narahat edir. ATƏT sədrinin regiona səfərini vacib edən məsələlər böyük ölçüdə Ermənistan və Gürcüstanda cərəyan edən hadisələr ola bilər. Azərbaycanın ATƏT-ə münasibəti fonunda qurum rəhbərinin Bakıya gəlmək istəməsinin arxasında isə digər məsələlər var. Reallıq isə odur ki, ATƏT sülh prosesinə dair məsələləri müzakirə etmək niyyətində deyil. O baxımdan Yan Borqun regiona səfəri çərçivəsində sadəcə rutin məsələlər müzakirə ediləcək".