“Kreml rəhbəri yaxşı bilir ki, Rusiyada bu tezlikdə xalq ayaqlanması olmayacaq. Yəni onun hakimiyyətinə real təhdid ancaq hərbi elitadan gələ bilər”
Rusiya Prezidenti Vladimir Putin andiçmədən sonra hökumətdə kadr islahatlarına başlayıb. Putinin fərmanı ilə Rusiya Təhlükəsizlik Şurasının baş katibi Nikolay Patruşev vəzifəsindən azad edilib, onun yerinə Rusiya müdafiə naziri Sergey Şoyqu təyinat alıb. General Sergey Şoyqunu isə müdafiə naziri postunda mülki şəxs, iqtisad elmləri doktoru, Baş nazirin birinci müavini olan Andrey Belousov əvəzləyib. Kremldən verilən açıqlamada bildirilib ki, N.Patruşevin bundan sonra hansı vəzifəni daşıyacağı haqda yaxın günlərdə açıqlama veriləcək. Prezidentin mətbuat katibi Dmitri Peskov müdafiə naziri postuna mülki məmur təyin edilməsini yeniliklərin tətbiqi zərurəti ilə izah edib. O bildirib ki, bu gün döyüş meydanında yeniliyə, ən sürətli tətbiqə daha açıq olan qalib gəlir. Peskov vurğulayıb ki, Andrey Belousov təkcə mülki məmur deyil, həm də Rusiyanın İqtisadi İnkişaf Nazirliyinə çox uğurla rəhbərlik etmiş, uzun müddət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olmuş, eyni zamanda Baş nazirin birinci müavini olmuş şəxsdir. Kreml nümayəndəsi qeyd edib ki, Müdafiə Nazirliyi innovasiyalara, bütün qabaqcıl ideyaların tətbiqinə tamamilə açıq olmalıdır, iqtisadi rəqabət üçün şərait yaratmalıdır. "Prezident buna görə Andrey Removiç Belousovun namizədliyini seçdi". Andrey Belousov Rusiya Elmlər Akademiyasının Milli İqtisadi Proqnozlaşdırma İnstitutunun elmi və dissertasiya şuralarının üzvü, iqtisad elmləri doktoru, əməkdar iqtisadçısıdır. Rusiya Dəmir Yolları SC-nin Direktorlar Şurasının sədri, 2012-2013-cü illərdə iqtisadi inkişaf naziri, 2013-2020-ci illərdə Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi işləyib. 2020-ci ildə qısa müddət Rusiya Federasiyası Hökumətinin sədrinin səlahiyyətlərini icra edib. Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, eləcə də Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin vəzifələrində qalıb. Rusiyalı ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, Nikolay Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibi kimi Rusiya dövlətinin əsaslarının möhkəmlənməsinə böyük töhfə verib. Patruşevi əvəz edən Sergey Şoyqunun müdafiə naziri vəzifəsində işləyərkən qazandığı təcrübə Təhlükəsizlik Şurasının aparatının müasir tələblərlə işini təmin etmək üçün lazım olacaq: “Nikolay Platonoviç Patruşevin həm Federal Təhlükəsizlik Xidmətinin direktoru, həm də Rusiya Təhlükəsizlik Şurasının katibi kimi Rusiya dövlətinin təməlinin möhkəmlənməsinə verdiyi həqiqətən böyük töhfəni vurğulamaq lazımdır. Şübhəsiz ki, dövlətçi, siyasi və hərbi xadim, dünyanın aparıcı kəşfiyyat xidmətlərindən birinin çox səmərəli rəhbəri… - bütün bunlar Petruşevin avtobioqrafiyasıdır”. O xatırladıb ki, Təhlükəsizlik Şurasının katibi Təhlükəsizlik Şurasının operativ işini təmin edir: “Nikolay Patruşev Rusiya Təhlükəsizlik Şurasının dövlətimizin həqiqətən strateji qərargahına çevrilməsi üçün hər şeyi etdi”.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. Ekspertin sözlərinə görə, Putin bəzi şəxsləri hökumətdə saxlasa da, Sergey Şoyqunu müdafiə naziri postundan göndərib, yerinə Andrey Belousovu gətirib və bu təyinat diqqət çəkir:
"Çünki Belousov mülki məmurdur. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Baş nazirin birinci müavini vəzifələrini icra edib. Yəni onun müdafiə naziri təyin edilməsi Rusiya tarixində nadir hadisədir. Məsələ ondadır ki, istər Çar Rusiyası, istər SSRİ, istərsə də müasir Rusiyanın hərb nazirləri ya ali hərbi kadrlardan, ya da hərb keçmişi olan şəxslərdən seçilib. Putinin müdafiə naziri postuna Belousovu təyin etməsi bəzi mühüm səbəblərlə bağlıdır. A.Belousov Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifələrində çalışıb. Yəni iqtisadi bilikləri və təcrübəsi çoxdur. Rusiya-Ukrayna müharibəsi iki ildən çoxdur davam edir və rəsmi Moskvanın müharibə xərcləri, itkiləri günü-gündən artır. Bundan başqa, son zamanlar Müdafiə Nazirliyində korrupsiya qalmaqalları, generalların mənimsəmə halları artıb. Putin bu vəziyyətdən ciddi şəkildə narahatdır. Buna görə də hərbi xərclərin tənzimlənməsi, mənimsəmə hallarının qarşının alınması üçün belə bir qərar verdi".
Analitikin fikrincə, Putinin Şoyqunu Belousovla əvəzləməsinin ən önəmli səbəbi onun hərbi kadrlara lazımi qədər güvənməməsidir: "Məsələ ondadır ki, Ukrayna müharibəsinin uzanması daxili auditoriyada narazılığı artırır. Təbii olaraq Qərbin Putin əleyhinə inqilab ssenariləri də aktuallaşır. Kreml rəhbəri yaxşı bilir ki, Rusiyada bu tezlikdə xalq ayaqlanması olmayacaq. Yəni onun hakimiyyətinə real təhdid ancaq hərbi elitadan gələ bilər. Bir neçə dəfə S.Şoyqunun Putini əvəzlənməsi kimi versiyalar səslənib. Görünür, Putin bu iddialara ciddi yanaşır və ətrafında təhlükəsizlik halqası yaratmağa çalışır. Hərbi elitanın gücünün qırılması Putini buradan gələcək təhlükədən sığortalaya bilər, lakin həmin elitanın Belousovun tapşırıqlarını necə icra etməsi, ya da onun nazirlik fəaliyyəti sual altındadır. Bütün hallarda Putin Rusiya tarixində nadir təyinata imza atdı və bu, kifayət qədər radikal addımdır".