Kreml nə Ermənistanı tərk etmək, nə də regionda mövqelərinin zəifləməsi ilə barışmaq fikrindədir
Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan çıxır. Qeyd edək ki, bu barədə razılaşma mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat və Tavuşdakı məntəqələri tərk etməlidirlər.
Millət vəkili Sahib Alıyev deyib ki, İkinci Qarabağ savaşında və sonrakı dövrdə şifahi sövdələşmə nəticəsində Azərbaycanla şərti sərhəd boyunca yerləşdirilən Rusiya hərbçilərinin dislokasiya yerlərini dəyişdirməsi və Zvartnots Hava Limanını tərk etmələri haqda Vladimir Putinlə Nikol Paşinyan arasındakı razılaşmanı erməni hökuməti "qələbə" kimi təqdim etməyə çalışır. Deputat bildirib ki, Ermənistan baş nazirinin Moskvadan "qələbə" ilə döndüyünü təsdiqləyən yeganə məsələ Rusiya sərhədçisinin Zvartnots Hava Limanından çıxarılmasıdır ki, onunla da bağlı öncədən razılıq var idi:
"Bu məsələdə Rusiyanın Azərbaycana yanaşmada son zamanlar sərgilədiyi siyasətin, yəni dostcasına davranışın davamından söhbət gedə bilər. Çünki Rusiyanın Ermənistan-Azərbaycan şərti sərhədindəki hərbçiləri bizim üçün təhlükə sayılmır. Lakin rus qoşunları Avropa Birliyinin "mülki" missiyası kimi Ermənistanın kimin yanında və kimə qarşı olduğunun sərgilənməsi baxımından rəmz rolu oynayırdı. İndi bu rəmz aradan qaldırılır. Fəqət, Qriqoryan kilsəsinin qara keşişlərinin hərəkətə gətirilməsi, onların çiyinlərindəki paqonların parıltısının yaxalarındakı xaçı kölgədə qoyması ondan xəbər verir ki, Kreml nə Ermənistanı tərk etmək, nə də regionda mövqelərinin zəifləməsi ilə barışmaq fikrindədir. Bir sözlə, Rusiyanın bizim regionla bağlı sərgilədiyi əvvəlkindən fərqli siyasət aysberqin görünən tərəfidir. Görünməyən tərəfində isə hər şey əvvəlki kimi qalmaqdadır".