Paşinyanın tərəfdarları qalib gələcək? - Zərdüşt Əlizadə

Budəfəki etiraz aksiyaları müharibə tərəfdarlarının son "döyüşüdür"

“İrəvan hökumətinə qarşı aksiyaların arxasında duran erməni kilsəsi, revanşistlər və Rusiyadır. Həmin qüvvələr Ermənistan-Azərbaycan arasında münaqişənin sonlanmasını, sülh müqaviləsinin imzalanmasını istəmirlər”

  Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edən “Vətən naminə Tavuş” hərəkatının kütləvi aksiyaları davam edir. Ermənistan Daxili İşlər Nazirliyi iki yüzə yaxın müxalif fəalın saxlandığını bildirib. İrəvanda etirazlar keşiş Baqrat Qalstanyanın Tavuş vilayətindən İrəvana doğru yürüşə keçməsi ilə mayın 4-də başlayıb. Mayın 9-dan etibarən isə Ermənistan paytaxtında etiraz aksiyalarına start verilib. Erməni kilsəsinin nümayəndələri də ölkənin müxtəlif bölgələrindən yürüşə qoşulublar. Onlar Azərbaycanın işğal altında olan dörd kəndinin qaytarılmasını nəzərdə tutan sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə etiraz edirlər. Ermənistan mediası və ekspertlər keşiş Baqratı Rusiyadan aldığı pul müqabilində ölkədə vəziyyəti gərginləşdirmək cəhdində ittiham edirlər.
  Ermənistandakı qarışıqlığı "Sherg.az"a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib ki, İrəvan hökumətinə qarşı aksiyaların arxasında duran erməni kilsəsi, revanşistlər və Rusiyadır. Ekspertin sözlərinə görə, həmin qüvvələr Ermənistan-Azərbaycan arasında münaqişənin sonlanmasını, sülh müqaviləsinin imzalanmasını istəmirlər:

"Keşiş Baqrat və "Qarabağ klanı"nı erməni əhalinin cəhalətindən istifadə edirlər. İrqçi, "millətçi" kəsimə ümidlər verərək onları etiraz aksiyalarına çəkir, hökumətə qarşı qaldırırlar. Ancaq əminəm ki, budəfəki etiraz aksiyaları müharibə tərəfdarlarının son "döyüşüdür" və mütləq məğlub olacaqlar. Çünki erməni xalqının aksiyalara biganəliyi və revanşistlərə olan mövqeyi göstərir ki, əhali boş yerə ölmək, Azərbaycanla mənasız müharibəyə girmək istəmir. Ermənilərin əksəriyyəti Nikol Paşinyanın xəttini müdafiə edirlər və ona görə də etirazlara qoşulmurlar. Şübhə etmirəm ki, Paşinyanın tərəfdarları qalib gələcək və tərəflər arasında münasibətlər tənzimlənəcək. Hətta Azərbaycanla yanaşı, qısa zamanda Ermənistan-Türkiyə əlaqələri də normallaşacaq. Ermənistan həm Azərbaycanla, həm də Türkiyə ilə siyasi-iqtisadi və mədəni münasibətlərini səhmana salacaq. Cənubi Qafqazda sülh bərqərar olacaq. Ermənistandakı qısamüddətli və kiçikmiqyaslı etiraz aksiyaları bunun önünü kəsmək gücündə deyil. Bundan əminəm".