İrəvandakı etiraz aksiyaları müharibə atmosferinə keçib

Kilsə və Rusiya regionda yeni münaqişədə maraqlıdır

  Belçika mayın 10-11-də Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışlayıb. Belçikanın xarici siyasət idarəsi qeyd edib ki, mayın 10-11-də Ermənistan və Azərbaycan arasında danışıqların yeni raundunu, 1991-ci il Almatı Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsinə dair son razılaşma, habelə sülh sazişi üçün müzakirələri davam etdirmək səylərini alqışlayırlar. Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqların yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistan tərəfi Almatı görüşündə sülh müqaviləsindən əvvəl nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını təklif edib. İrəvan bununla bağlı müəyyən bir protokolun bağlanmasında maraqlıdır:

"Ermənistan tərəfinin bu təklifi yekun sülh müqaviləsi bağlamadan çərçivə sazişi ilə mümkün ola bilər. İki ölkə arasında yekun sülh müqaviləsinin də Qazaxıstanda bağlanması razılaşdırılıb. Amma Ermənistanda davam edən etiraz aksiyalarında Nikol Paşinyanın hansı siyasət izləyəcəyi maraqlıdır. Artıq keşiş Baqratın keçirdiyi etiraz aksiyasında müharibə ilə Qarabağı qaytaracağını elan etdi. Bu, artıq Ermənistanda 1988-ci il "Miatsum" hərəkatını xatırladır. Qarabağ məsələsinin etirazlara daşınması Azərbaycanı da düşündürməlidir. Prezident İlham Əliyev Şuşada revanşistlərə sərt mesajını verdi. Demək olar ki, İrəvanda keçirilən etiraz aksiyası Qarabağı gündəliyə daxil etməklə, müharibə atmosferinə keçib. Bununla da, Ermənistanda kilsənin etiraz aksiyası Azərbaycana da təhdiddir. Kilsə və Rusiya regionda yeni münaqişədə maraqlıdır. Paşinyan bu gərginliyi aradan qaldırmalıdır".