“Putinin yolun yarısında “atları dəyişdirməsi”nin təkcə mövcud vəziyyətlə yox, həm də gələcək planlara hesablandığını demək mümkündür"
Andrey Belousovun Rusiyanın yeni müdafiə naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi Kremlin Ukrayna ilə uzun sürən müharibəyə hazırlığından xəbər verir. Bu barədə ABŞ-nin Müharibənin Tədqiqi İnstitutu məlumat yayıb. Məlumatda qeyd olunub ki, Belousov on ilə yaxın federal hökumətdə iqtisadiyyat naziri vəzifəsində çalışıb. Bu müddət ərzində o, müdafiə sənayesi kompleksi, PUA sahəsində müxtəlif yerli innovativ layihələrin idarə edilməsində iştirak edib: "Bu isə onu acınacaqlı vəziyyətdə olan Rusiya Müdafiə Nazirliyinin aparatına rəhbərlik etməyə yaxşı hazırlayıb. Sergey Şoyqunun rəhbərlik etdiyi müdafiə qurumu yüksəksəviyyəli korrupsiya və bürokratik ətalət ittihamları ilə mübarizə aparıb, eyni zamanda Rusiya hərbi müşahidəçilərinin daimi tənqidləri ilə üzləşib. Belousov effektiv texnokrat kimi güclü reputasiyaya malikdir və daxili mənbələr onun Putinlə müsbət münasibətinin olduğunu bildirir. O, 2023-cü ilin noyabrında müdafiə layihələri və texnoloji əməkdaşlığı müzakirə etmək üçün prezidentlə görüşüb, həmçinin Putinlə Rusiya PUA istehsalındakı problemlər barədə danışıb. Texnoloji innovasiyaların və Rusiya müdafiə sənayesi məhsullarının, xüsusən də diqqətin PUA sahəsinə maksimum yönəldilməsi, çox güman ki, Kremlin müharibə səyləri üçün son dərəcə dəyərli ola bilər. 2023-cü ilin yanvarında Belousov şəxsən Rusiyanın 2030-cu ilə qədər ildə 32 min PUA istehsalı üçün 696 milyard rubl (təxminən 7 milyard dollar) ayrılmasını nəzərdə tutan “Pilotsuz Təyyarə Sistemləri” layihəsini başa çatdırdığını elan edib". Müharibənin Tədqiqi İnstitutu hesab edir ki, Putin Belousovdan federal iqtisadi siyasəti Rusiya Müdafiə Nazirliyinin proqramı ilə inteqrasiya etmək üçün mülki dövlət idarəsindəki təcrübəsindən istifadə edəcəyini, beləliklə, Rusiya müdafiə sənayesini daha geniş, uzunmüddətli miqyasda tam səfərbər edəcəyini və daxili iqtisadi siyasətlə inteqrasiyasını gözləyir: "Bu səylər daha dolğun iqtisadi səfərbərliyə zəmin yaradır və Kremlin Ukraynada uzun sürən müharibəyə hazırlığını davam etdirdiyini göstərir".
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, V.Putinin Şoyqunu müdafiə naziri postundan uzaqlaşdırmasında səbəb axtarışı diqqəti Ukrayna müharibəsinə yönəldir. Analitikin fikrincə, müharibənin gedişində müdafiə naziri dəyişirsə, bu, cəbhədə problemin olduğu deməkdir:
"Ukrayna cəbhəsində problemlərin olduğu bəllidir, müharibənin ilk mərhələsində, xüsusilə İstanbul danışıqlarından sonra Rusiya üçün çətin dövr başlandı. İtkilərə, uğursuzluqlara görə son nəticədə Şoyqu məsuliyyət daşıyır. “Vaqner” üsyanından sonra Şoyqunun hədəf taxtasına çıxması daha da sürətləndi. Son olaraq, müavini Timur İvanovun korrupsiya ittihamı ilə həbsinin Şoyqu üçün xoşagəlməz vəziyyət yaratdığını düşünmək olar. Lakin səbəbləri Ukrayna cəbhəsində, yaxud Müdafiə Nazirliyinin dəhlizlərində axtarmaq yanıldıcı ola bilər. Birincisi, Rusiya kimi ölkələrdə yüksəkrütbəli məmurun korrupsiya əməli o qədər də təəccüblü deyil və istisna deyil ki, müavininin məhz indi ifşa edilməsi Şoyqunun gedişini “asanlaşdırmaq” məqsədi daşıyıb.
İkincisi, Ukrayna cəbhəsində Kiyevin böyük əks-hücum əməliyyatının uğursuzluğundan sonra rus ordusu üçün vəziyyət o qədər də pis deyil, əksinə, işğal etdikləri ərazilərdə möhkəmləndiyi və irəlilədiyi haqda xəbərlər gəlir. Xarkov istiqamətində baş verənlər bunun son nümunəsidir. Şoyqunun gedişi və yerinə Andrey Belousovun təyin edilməsi daha çox Putinin gələcək planından qaynaqlanır. İqtisadçı olan Belousov mülki şəxs kimi Müdafiə Nazirliyinə rəhbərlik edəcək, lakin bu, Ukrayna müharibəsinin gedişində, ümumiyyətlə, ordunun hərbi fəaliyyətində dəyişikliyin olacağı demək deyil. Çünki hərbi məsələlər Gerasimov başda olmaqla generalların işidir, Şoyqu postundan getdiyi vaxt Ukraynada müharibənin davam etməsi də nazirin həlledici olmadığını göstərir".
Politoloqa görə, Belousovun bu posta gətirilməsi bir neçə kontekstdə qiymətləndirilir: "Müdafiə Nazirliyində korrupsiyanı kökündən kəsmək, Şoyquya yaxın “kabinet generalları” əvəzinə döyüşən hərbçiləri önə çıxarmaq və ordunun iqtisadi gücünü artırmaq. Xüsusilə müharibənin getdiyi vaxt əməliyyatlarla təşkilatçılıq məsələlərini bir-birindən ayırmaq, eləcə də hərbi sənayeni inkişaf etdirmək və s. Rusiya tamamilə müharibə iqtisadiyyatına keçir və “iqtisadi reseptləri” ilə ad çıxarmış Belousov bu işin öhdəsindən gələ bilər. Hərçənd Putinin müdafiə naziri postuna Belousovu gətirməsi varislik planından da qaynaqlana bilər. Son ana qədər Şoyqunu Putinin mümkün varisi kimi təqdim edilən Tula qubernatoru Aleksey Dyuminin əvəzləyəcəyi deyilirdi, əvəzində Belousovun irəli sürülməsi daşları qarışdırdı. Sərt bürokrat olan Andrey Belousovu Rusiyada “ikinci adam” da hesab edirlər. O, Putin kimi Rusiya ətrafında “düşmən halqası” fikrinə inanan azsaylı şəxslərdəndir, hətta 2014-cü ildə Krımın ilhaqında Putinlə yanaşı, heç bir tərəddüd etməyən yeganə şəxs kimi də adı çəkilir. Son vaxtlar Putinə ən yaxın olan komandanın üzvünə çevrildiyi haqda məlumatlar var. Bu baxımdan, Putinin yolun yarısında “atları dəyişdirməsi”nin təkcə mövcud vəziyyətlə yox, həm də gələcək planlara hesablandığını demək mümkündür".