Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana işğaldan azad edilmiş ərazilərin bərpasında yardım təklif edib.
Bu barədə BELTA məlumat yayıb.
“Bu torpaqları dirçəltməyin, insanları geri qaytarmağın vaxtı gəlib çatıb. Qalib gəldiniz, qələbəni qorudunuz, indi torpaqları dirçəltmək lazımdır”, - A.Lukaşenko Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Onun sözlərinə görə, bu iş çox vaxt, böyük əmək tələb edəcək və Belarus bu istiqamətdə Azərbaycana dəstək göstərməyə hazırdır.
Belarus Azərbaycan münasibətlərinin uzun illərdir normal və sivil qaydada tənzimləndiyini deyən siyasi şərhçi Mübariz Göyüşlü “Sherg.az”a bildirib ki, hər iki ölkə rəhbərinin yaxın əlaqələri dövlətlərarası münasibətlərə də təsir göstərir:
“Belarus ilə Azərbaycanın beynəlxalq hüquq və qanunlar çərçivəsində əməkdaşlıqları var. İqtisadi, hərbi, mədəni və təhsil istiqamətində Belarus ilə qarşılıqlı fəailiyyətlərin şahidi oluruq. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasına baxmayaraq Ermənistan-Azərbaycan münaqişəsi mövcud olduğu bir vaxtda Azərbaycanın ədalətli növqeyini səsləndirməkdən çəkinməyib. Belarus Prezidenti tərəfindən hər zaman belə yanaşmanın şahidi olmuşuq. Belə hadisələr isə iki ölkə arasında münasibətləri inkişaf etdirən amillərdir. Hazırda da Minsk ilə Bakı iqtisadi, mədəni və digər sferalarda əməkdaşlıqlarını davam etdirirlər. Eyni zamanda, Azərbaycan da Belarusun çətin sosial və iqtisadi situasiyasında maliyyə yardımı göstərmişdi. Hər iki ölkənin gələcək zamanda da münasibətləri müsbət məcrəda inkişaf edəcək”.