İrəvandakı etirazlar Paşinyana “vız” gəlir

Qərbə arxayındır

“Bu səbəbdən baş nazir öz proqramlarında dəyişiklik etmir, xarici səfərlərdən qalmır”

  Ermənistanda etirazçıların başlatdığı “Vətən uğrunda Tavuş” hərəkatının hökumət binası yaxınlığında keçirilən etiraz aksiyasına fasilə verilib. Parlamentin “Hyastan” blokundan olan deputat Qarnik Danielyan bildirib ki, etirazlara rəhbərlik edənlər planları müzakirə etmək üçün Surb Anna kilsəsinin həyətinə toplaşacaq. Bu arada Qarabağdan İrəvana qaçmış qondarma “Artsax təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan da Ermənistan KİV-nə açıqlama verib. O, bir neçə gün öncə bəyanat verərək etiraz aksiyasını dəstəklədiyini və “Vətən naminə Tavuş” hərəkatına qoşulduğunu təsdiqləyib: “Mən bütün ömrüm boyu Erməni Apostol Kilsəsinin yanında durmağa hazıram”. Aksiyalara rəhbərlik edən Tavuş yepiskopu Baqrat Qalstanyan deyib ki, Ermənistana xidmət etmək üçün nə lazımdırsa edəcək. Kanada vətəndaşlığından imtina da buna daxildir. Yepiskop baş nazir olmaq üçün Kanada vətəndaşlığından imtina etməsi ilə bağlı məsələyə aydınlıq gətirib: “Kanada vətəndaşlığı mənim üçün sadəcə sənəd, pasport və həmin ölkədə yaşadığıma dair sübutdur. Buna görə onlara təşəkkür edirəm. O pasport mənə hər hansı xidmət müqabilində deyil, ruhani rəhbər kimi orada qalmağım üçün lazım olan bütün qanuni vasitələrlə verilib. Mənim o ölkədəki dini və siyasi icmalarda çoxlu dostum var. Lakin mən Ermənistana xidmət üçün nə lazımdırsa, etməyə hazıram. Əgər ehtiyac yaranarsa, Kanada vətəndaşlığından da imtina edərəm”. Qeyd edək ki, Nikol Paşinyan hökumətinə bağlı olan “Haykakan Jamanak” qəzeti B.Qalstanyanın ikili vətəndaşlığı olduğu üçün ölkənin baş naziri postuna namizəd göstərilməsinin mümkün olmadığını yazmışdı. Ekspertlərin fikrincə, erməni keşiş növbəti mərhələdə küçədən otaq müzakirələrinə keçməyi planlaşdırır, o müxalifət nümayəndələri ilə görüşlərə start veriləcək. Çünki etirazlar geniş miqyas almadı. Görünür, müxalifət də keşişin işə yaramadığını anlamağa başlayıb. Baş nazir Nikol Paşinyanın da Danimarkaya səfəri göstərir ki, o, keşiş və onun arxasınca gedənlərdən narahat deyil.
  Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ermənistanda kilsənin başlatdığı etiraz hərəkatının uğurla başa çatması ehtimalı çox az idi. Ekspertin sözlərinə görə, etiraz aksiyalarının arxasında Rusiyanın durduğu heç kimdə şübhə doğurmur:

"Paşinyanın arxasında Qərb dayanır və hələlik o, çox rahatdır, çünki istədiyi vaxt etirazçılara qarşı güc tətbiq etmək imkanını saxlayır. Arxayındır ki, hətta qan tökülsə belə, Qərb onun əleyhinə bəyanat verməyəcək və dəstəkləyəcək. Bu səbəbdən Paşinyan öz proqramlarında dəyişiklik etmir, xarici səfərlərdən geri qalmır. Nümayiş etdirmək istəyir ki, gücünü bilir və onu heç kim tutduğu postdan uzaqlaşdıra bilməz. Üstəlik, Paşinyan anlayır ki, bu etirazçıların xalq içərisində dəstəyi onu yıxacaq dərəcədə deyil. İmpiçment məsələsinə gəldikdə isə bunun üçün parlamentdə tələb olunan çoxluq müxalifətə məxsus deyil. Hətta məsələni qaldırmaq üçün belə sayları kifayət etmir. Ona görə impiçmentin də alınmayacağı aydındır. Əsas ümidləri zorakı vasitələrlə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaqdır. Paşinyanın davranışı göstərir ki, o, bu məsələdə də narahat deyil və güc strukturlarına güvənir. Güc strukturları zəruri məqamda tələb olunan addımları atacaqlar".
  Analitik vurğulayıb ki, sülh danışıqları üçün əsas maneə kilsənin başlatdığı hərəkat və Paşinyanın devrilmə ehtimalı deyil: "Sülhü yubadan Paşinyanın və onun rəhbərlik etdiyi hökumətin tutduğu qeyri-konstruktiv mövqedir. Bu səbəbdən Almatı danışıqlarında arzuolunan uğur əldə olunmadı. Hər halda danışıqları davam etdirmək barədə razılığa gəlinib. Bu da onu göstərir ki, gələcəkdə ciddi nəticələrə nail olmaq imkanı var. Bunun üçün ilk növbədə Ermənistan Qranadada qəbul olunan qeyri-konstruktiv bəyanatdan imtina etməlidir. Hələ ki, ümidimiz qalır. İlin sonuna qədər sülh sazişini bütövlükdə imzalamaq mümkün olmasa da, əsas prinsiplər barədə razılığa gəlmək mümkün görünür".