Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub.
Tədbirdə yeni qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanunun tətbiqindən sonra yaranmış situasiya müzakirə olunub. Partiyaların fəaliyyətinə və siyasi proseslərdə iştirakına maneə olan nüanslarla bağlı məsələlər qaldırılıb və müzakirə edilib. Milli məsələlərdə siyasi həmrəyliyi və ölkəmizdə siyasi institutlaşmanı inkişaf etdirmək baxımından belə görüşlərin keçirilməsi təqdirəlayiqdir.
Bütün hallarda iqtidar geosiyasi mənzərəni qiymətləndirməyi bacaran, iqtisadi proseslərin nəbzini tutan, cəmiyyətə təsir imkanları olan ağıllı müxalifətin təklif və tövsiyyələrindən bəhrələnəcək. Ona görə də müxalifətin məhz belə bir obrazı ortaya qoyması vacibdir. Əks halda iqtidar siyasi təfəkkürü olmayan müxalifətin səhvlərinə istinad edərək fəaliyyətini tənzimləyəcək və ömrünü uzadacaq. Bu isə müxalifətin qarşısında duran missiyanı yerinə yetirə bilməməsi və dövlətin idarə olunması prosesindən kənarda qalması deməkdir. Dünənki tədbirdən çıxan nəticə belə oldu ki, iqtidar və müxalifət bir-birinə artıq düşmən kimi deyil, dövlətin və cəmiyyətin problemlərinin həllində müttəfiq kimi baxmalıdır. Xalqımız da siyasi düşərgədən qarşılaşdığı çoxsaylı problemlərin həllinə obyektiv baxış, real həll yolu və nikbun siyasi münasibət gözləyir.
Sözegedən görüşü “Sherg.az”a dəyərləndirən millət vəkili Fazil Mustafa bildirib ki, siyasi partiyalarla bağlı bu formatda böyük bir tədbirin keçirilməsi ilkdir:
“Çünki indiyə qədər çox sayda görüşlər keçirilib, müşavirələr aparılıb, amma bu formatda ilk böyük, məsuliyyətli tədbir budur. Görüş birinci növbədə partiyaların fəaliyyətinə verilən əhəmiyyətlə bağlıdır. Tədbir Dövlətin partiyaların fəallaşmasında olan marağı, partiyaların işinin tənzimlənməsinə olan dəstəyi, və partiyaların məsuliyyətinin artırılması baxımından önəmlidir. Çünki burada həm siyasi, həm də maliyyə məsuliyyətindən söhbət gedir. Artıq partiyalar hansısa passiv quruluşu olmaqdan çıxmalıdırlar. Onların fəaliyyətləri ölkə həyatında müsbət istiqamətdə müəyyən dəyişikliklərə səbəb olmalıdır. Ona görə də çox əhəmiyyətli tədbirdir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin hesabat və tövsiyə xarakterli çıxışını tədbirdə iştirak edən təmsilçimiz çox yüksək səviyyədə qiymətləndirmişdi. Biz də onunla tanış olandan sonra gördük ki, həqiqətən də çox əhəmiyyətli bir təhlil aparılıb. Xarici ölkədə rəsmi səfərdə olduğuma görə tədbirdə iştirak etməsəm də,nümayəndəmiz Əjdər Əliyev buradan kifayət qədər yüksək təəssüratla ayrıldığını mənə məruzə elədi. Burada kifayət qədər ciddi məsələlərə baxılıb. Eyni zamanda, Hesablama Palatasının, Mərkəzi Seçki Komissiyasının təmsilçilərinin bu partiyaların fəaliyyəti ilə bağlı fikir və tövsiyələri səsləndirilib. Orada müəyyən nöqsanlara da diqqətə çatdırılıb. Həmçinin, siyasi partiyaların təmsilçilərinin də təklif və rəylərinin dinlənilməsi tədbirin əhəmiyyətini artırır. Çünki bu prosesdə partiyaların görmək istədiyi modelin necə olacağı ilə bağlı fikirlərinin dinlənilməsi vacibdir. Hər bir tərəfin bununla bağlı fikirlərini səsləndirməsi və bu çıxışların də müəyyən proseslərdə nəzərə alınması olduqca əhəmiyyətlidir. Bu prinsip olaraq sonuncu tədbir olmayacaq. Layihə daha geniş şəkildə bir neçə dəfə müzakirə olunacaq. Yüksək səviyyəli bir tədbirdir və bu kimi məsələlərdə bütövlükdə aparılan siyasətə dəstək verməyə hər zaman hazırıq. Çünki partiya demokratiyasının inkişafı cəmiyyətdə demokratik inkişafımızın təməlini təşkil edir. Siyasi fəaliyyətlə məşğul olan partiya təmsilçiləri də burada öz töhfələrini verməlidir. Xüsusilə də bu şöbəyə Ədalət Vəliyev rəhbərlik edəndən sonra partiyaların fəaliyyətinə kifayət qədər böyük diqqət ayrılıb. Bu proses genişləndikcə ölkəmizdə daha çox siyasi partiya demokratiyası üzərindən müəyyən problemlərin həlli və aktivliyin artırılması mümkün olacaqdır. Bu baxımdan da hesab edirəm ki, çox əhəmiyyətli bir tədbir olub və görüşdə səslənən fikirlər mütləq nəzərə alınacaq”.
Görüş zamanı yeni “Siyasi partiyalar haqqında” qanunun tətbiqi, bir sıra problemlər və təkliflərin müzakirə edildiyini deyən AĞ Partiya sədri Tural Abbaslı vurğulayıb ki, nazirlik nümayəndələri qanundan irəli gələn bəzi məsələlər ilə bağlı partiyaları məlumatlandırdılar:
“Partiya sədrlərinə müxtəlif səpkili təkliflər verdilər. Partiyaların siyasi səhnədə gücünün artırılması, maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı müzakirələr aparıldı. Çox faydalı və səmərəli tədbir idi. Digər tərəfdən cəmiyyətdə insanlar iqtidar və müxalifətin biri-birilərinə düşmən deyil, rəqib olduğunu qəbul etməlidirlər. Yəni partiyalar bir ara gələ, müzakilərər apara və biri-birilərinin qərərgahlarına gedə bilərlər. Bu tip məsələlər cəmiyyət və siyasi aləm üçün norma halına gəlməlidir. Türkiyə ana müxalifət partiyasının lideri Özgür Özəl AK Partinin ofisində Rəcəb Tayyib Ərdoğan ilə görüşdü. Türkiyədə heç kim Özgür Özələ satqın və xain demədi. Ərdoğan da Özgür Özəli öz ofisində ziyarət edəcəyini vurğuladı. Yəni siyasi münasibətlər və davranışlar Azərbaycanda da dəyişməlidir. Məsələn, dünən Yeni Azərbaycan Partiyasını (YAP) sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov təmsil edirdi. Bir çox partiyalar isə YAP-ın tənqidi fikirlərini dilə gətirdilər. Tahir bəy də normal şəkildə fikirlərini səsləndirdi. Heç kim biri-birinə stəkan atmadı və yaxud dalaşmadı. Eyni zamanda, sözügedən dialoqu dırnaqarası satqınlıq və alver adlandıran partiyalar da səhvlərini başa düşdülər və bu prosesdə iştirak edirlər. Bu istiqamətdə fəailiyyəti davam etdirsək Azərbaycanda normal siyasi mühit formalaşacaq”.
Klassik Xalq Cəbhəsi Partiyasının rəhbəri Mirmahmud Mirəlioğlu isə bildirib ki, çox səmərəli bir müzakirə oldu, hər kəs mövcud məsələ ilə bağlı fikirlərini səsləndirdi:
“Tədbirdə dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyalarla bir neçə dövlət qurumunun - Ədliyyə və Maliyyə nazirliklərinin, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının nümayəndələri iştirak edirdilər. Siyasi partiyalar haqqında yeni qanunun tələbləri və ondan irəli gələn vəzifələr müzakirə olundu. Eyni zamanda, iş birliyi, dialoq mühitinin formalaşdırılması kimi məsələlər də masaya yatılırdı. Aidiyyəti mövzularla bağlı partiyaların münasibəti baş tutdu”.