Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Ölkədə növbəti parlament seçkiləri ən geci 2024-cü ilin noyabr ayının ilk bazar günü yəni, 3 noyabr 2024-cü il tarixinə təsadüf edir.
Amma parlament seçkiləri ilə COP29 tədbirinin eyni vaxta təsadüf etməsi seçkilərin keçirilib-keçirilməməsi ətrafında sual doğurur.
Sözügedən məsələyə münasibət bildirən Milli Məclisin deputatı Fəzail Ağamalı “Sherg.az”a söyləyib ki, Parlament seçkiləri ilə bağlı müxtəlif fikirlər hələ də davam edir:
“Lakin ən mötəbər fikri Mərkəzi Seçki Komisiyassının (MSK) sədri Məzahir Pənahov səsləndirdi. O bildirdi ki, noyabr ayında keçirilməli olan parlament seçkiləri COP29 tədbirinə görə baş tuta bilməyəcək. Ona görə də seçkilərin təxirə düşməsi və qabağa çəkilməsi mümkündür. Avqustun sonu və yaxud sentyabr ayı ərzində parlament seçkilərinin keçirilmə ehtimalı daha yüksəkdir. Ana Vətən Partiyası həmişə Prezident, parlament və bələdiyyə seçkilərinə ciddi hazırlaşıb. Həmin seçkilər partiyanın ictimai, siyasi proseslərə vermiş olduğu töhvələr, siyasi məsələlərdə iştirak etmək və öz varlığını qoruyub saxlayaraq cəmiyyətə göstərmək baxımından əhəmiyyətlidir. Ana Vətən Partiyası parlament seçkilərində də fəal iştirak etmək niyyətindədir. Qeyri-adi hadisə baş verməsə, namizədliyimi irəli sürmək fikrindəyəm”.