Fransaya bir dərs olsun... - ŞƏRH

Separatizmi dəstəkləmək həmişə “bumeranq effekti” yaradır

Fransa daxili işlər naziri Jerald Darmanin Azərbaycanı Fransanın Sakit okeanda ərazisi sayılan Yeni Kaledoniyada son baş verən etirazlara müdaxilədə ittiham edib. O, müstəqillik tərəfdarı olan bəzi fəalların Azərbaycan hakimiyyəti ilə sövdələşməsi olduğunu deyib.  
Rəsmi Bakı isə bu ittihamları rədd edib.  

Darmaninin açıqlamasının Azərbaycan-Fransa münasibətlərinə neqativ təsir edəcəyi bildirilib. 
Qeyd edək ki, Azərbaycan Yeni Kaledoniyada  baş vermiş hadisələrə Qoşulmama hərəkatının üzvü və ona rəhbərlik etmiş dövlət kimi Fransa tərəfindən adada fundamental insan hüquq və azadlıqlarının pozulması kontekstindən narahatçılıq keçirə bilər. Çox təəssüf ki, XXI əsrə qara ləkə olan kolonializm siyasəti hələ də Fransa dövləti tərəfindən həyata keçirilməkdədir. B u gün dünyanın gözü qarşısında Fransa tərəfindən Beynəlxalq hüququn əasas prinsiplərindən biri olan “xalqların öz müqəddəratını təyin etmək” prinsipi, xalqın suverenlik hüququ pozulur.  İnsanların öldürülməsi ilə, qanunsuz saxlanılması ilə yaşamaq hüququ, azadlıq hüququ pozulur.
Seçki hüquqlarına müdaxilə edilir. Yerli əhalinin seçmək hüquqları məhdudlaşdırılır. Eyni zamanda milli mənsubiyyət hüququ təhlükə altındadır. Yeni Kaledoniyanın yerli əhalisi kanakilər etnik azlığa çevrilməklə assimliyasiya olunmaq təhlükəsi ilə üz üzədir. Yeni Kaledoniyada baş verən zorakılıq və qırğınlar bir daha sübut edir ki, Fransa bəşəri dəyərlər üçün təhdidə çevrilib.
Beynəlxalq təşkilatların isə  baş vermiş hadisələrə görə adekvat reaksiyaları müşahidə olunmur. 

REAL Partiyasının icraçı katibi Natiq  Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanın adının bu məsələdə hallanmasından ağıllı istifadə etmək lazımdır:

“Yeni Kaledoniyanı 1774-cü ildə məşhur Britaniya dənizçisi James Cook kəşf edib, bir müddət Britaniyanın nəzarətində olub, amma 1853-cü ildə Britaniyanın başı Çinə və Hindistana qarışdığı zaman Fransa həmin adaları öz tərkibinə qatıb, ora missionerlər göndərib və yerli xalqı, kanakları xristianlaşdırıb”.
N. Cəfərlinin sözlərinə görə, ikinci dünya müharibəsindən sonra İmperiyalar, koloniyalar dağılırdı, Yeni Kaledoniyaya Fransa böyük muxtariyyət verdi, amma öz tərkibində saxladı: “1984-ci ildə Yeni Kaledoniyada müstəqillik uğrunda yeni hərəkat başladı. Bu hərəkatı “Kanak and Socialist National Liberation Front” adlı təşkilat başlatdı. Bəzi mənbələrə görə bu hərəkatın yaranmasında Britaniyanın müəyyən rolu olmuşdu. Bizim bayraqlarımızın oxşar olması da zarafata çevrilib, amma həmin bayraq 1984-cü ildə yaranmış hərəkatın bayrağı idi və sonradan Yeni Kaledoniyanın rəsmi bayrağı oldu – yəni, Azərbaycanın o bayrağın qəbulu və rəsmiləşməsində heç bir rolu olmayıb. 
Yeni Kaledoniyada müstəqillik üçün 4 dəfə referendum keçirilib, ən son səvermələrin birində kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib, amma müstəqillik istəyənlərin sayı getdikcə artırdı. Son etirazlara səbəb olan məsələ odur ki, Fransa Yeni Kaledoniyaya yerləşənlərə (ən az 10 il yaşaması şərti ilə) səsvermə hüququ vermək istəyir. Bu isə o deməkdir ki, yerli əhali olan kanakların səsi, siyasətə təsirləri azalacaq”. 
N. Cəfərli qeyd edib ki, Yeni Kaledoniyada dünyda təsbit edilmiş nikel yataqlarının 15-25%-i yerləşir. Bu gün nikelin 1 tonu dünya bazarında 21150 dollara yüksəlib: “ Nikel “yaşil enerjiyə” və elektrik avtomobillərinə keçid üçün əsas faydalı qazıntılardan biridir – bu gün mübarizə nikel uğrunda gedir. Yeni Kaledoniyanın faydalı qazıntılarına Çin və Britaniya-ABŞ koalisiyası iddia edirlər. Çinin təsir mexanizmləri yoxdur, əhali xristiandır, çinlilər yaşayır, amma azlıqdadır. ABŞ-Britaniya koalisiyasının isə həm maddi, həm də siyasi təsir mexanizmləri var, Yeni Kaledoniya tam müstəqil olsa, çox güman, bu koalisiyanın təsirləri altına düşəcək.  Bundan başqa cəmi bir neçə il öncə Sakit Okeanda vacib təhlükəsizlik təşkilatı olan AUKUS (Australia, United Kingdom, United States) hərbi alyansı yarandı. AUKUS yarannan kimi Fransanı oyundan kənar vəziyyətə qoydular, Avstraliyanın Fransa ilə 100 mlrd. dollara yaxın dəyəri olan atom sualtı qayıqların istehsalı və istismarı ilə bağlı müqavilə ləğv edildi, həmin müqaviləni Avstraliya ABŞ və Britaniya şirkətlərinə verdi. Fransa çox qəzəbli bəyanatlar versə də, sonda bu acı reallığı qəbul etməli oldu.  Sakit okeanda faydalı qazıntılarla dolu, stateji coğrafi mövqeyi olan Yeni Kaledoniya niyə Fransanın nəzarətində qalmalıdır ki?! Deməli Kanak xalqının müstəqillik mücadiləsinə dəstək vermək, Fransanı sıxışdıraraq həmin adalara sahib olmaq lazımdır. Fransa isə açıq şəkildə “anqlo-saksların” üzərinə gedə bilmir, Azərbaycanın adını çəkir – olsun, əslində bu məmləkətə nüfuz qazandırır və Fransaya da dərs olsun ki, separatizmi dəstəkləmək həmişə “bumeranq effekti” yaradır”.