Azərbaycan və Türkiyə bu kədərli gündə İranın yanında olacağını vurğuladı
İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin cümə imamı Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həyatını itirib. Mərhum Prezident Rəisi bazar günü helikopterlə İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. İran dövlət televiziyası qəzanın Rəisiyə məxsus helikopterin bölgədən qayıdarkən sərt eniş etməsi nəticəsində baş verdiyini bildirib. Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Əli-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olub. Axtarış-xilasetmə qrupları əlverişsiz hava şəraiti səbəbindən işlərini çətinliklə davam etdirib. Daha sonra Türkiyənin "Akınçı" pilotsuz uçuş aparatı axtarışlara cəlb edilib. Bir müddət sonra qəzaya uğramış helikopterin qalıqları yanmış vəziyyətdə aşkarlanıb. İran prezidenti vəzifəsini icra edən Məhəmməd Moxber dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın ölümündən sonra ölkəni idarə etmək üçün altı xüsusi hökumət komitəsinin yaradıldığını elan edib. İranın ali dini lideri Ayətullah Xamenei ölkənin işində heç bir axsama olmayacağını söyləyib.
Prezident Rəisi və onu müşayiət edənlərin vəfatı ilə əlaqədar İranda beş günlük matəm elan edilib. İranın rəsmi media orqanları öz loqolarını matəm əlaməti olaraq qara rəngə boyayıblar. Qəzada həyatını itirmiş İranın xarici işlər nazirinin müavini Əli Bagiri XİN başçısı səlahiyyətlərini icra edəcək. Helikopter qəzası ilə əlaqədar Suriya, Pakistan və Livan da matəm elan edib. Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında ölkəsində bir günlük matəm elan olunacağını və bayrağın yarıya qədər endiriləcəyini yazıb. Livanda isə üç günlük ictimai matəm elan edilib. İranın Xarici İşlər Nazirliyindən bildirilib ki, baş verənlər regional və beynəlxalq miqyasda konstruktiv rol oynamaq əzmimizə təsir etməyəcək. Qeyd olunub ki, mərhum Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın xarici siyasəti və diplomatiyası tarixində əhəmiyyətli rol oynayıb. Məlumat üçün bildirək ki, İbrahim Rəisi vəzifədə ölən ikinci İran prezidenti kimi tarixə düşüb. 30 avqust 1981-ci ildə keçmiş prezident Məhəmməd Əli Rəcai və ozamankı Baş nazir Məhəmməd Cavad Bahonar “Mücahidin-e-Xalq” üzvləri tərəfindən Baş nazirin ofisinə yerləşdirdikləri bomba nəticəsində öldürülüb. O, cəmi 28 gün prezident olub. “Mücahidin-e-Xalq” mərkəzi qərargahı Albaniyada olan İran siyasi mühacirətinin ən böyük hərbi-siyasi təşkilatıdır. Təşkilatın məqsədi İranda mövcud rejimi devirməkdir. Rəhbəri isə Məryəm Rəcəvidir.
Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib. Başsağlığı mətnində vurğulanıb: "Möhtərəm Ayətullah Xameneyi həzrətləri, dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İranın dini rəhbərinə başsağlığı ünvanlayıb: "Helikopter qəzasında həlak olduğunu öyrəndiyimiz dəyərli həmkarım, qardaşım, İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisiyə Allahdan rəhmət diləyirəm. İranın xarici işlər naziri və mərhum Rəisi ilə eyni helikopterdə həyatını itirən digər insanlara da Allah rəhmət eləsin. Dost və qardaş İran xalqına və hökumətinə, xüsusilə İran İslam Respublikasının ali dini lideri Əli Xameneiyə, cənab Prezidentin və digər həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Mən onun vəzifədə olduğu müddətdə İran xalqının və regionumuzun sülhü naminə göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Prezidenti hörmət və minnətdarlıqla xatırlayıram. Biz Türkiyə olaraq, dəfələrlə etdiyimiz kimi, bu çətin və kədərli günlərdə qonşumuz İranın yanında olacağıq". Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başsağlığı mesajında da qeyd olunub ki, Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian Moskvanın həqiqi, etibarlı dostları kimi tanınıblar: "Qarşılıqlı faydalı Rusiya-İran əməkdaşlığının və etibarlı tərəfdaşlığın möhkəmləndirilməsində onların rolu əvəzsizdir. Biz həlak olanların ailələrinə və yaxınlarına, eləcə də bütün dost İran xalqına səmimi qəlbdən başsağlığı veririk. Bu kədərli saatda düşüncələrimiz, qəlbimiz sizinlədir". Belarus Prezidenti Aleksandr Lukaşenko da Rəisinin Belarusun əsl dostu olduğunu və Belarus-İran əməkdaşlığının inkişafına qayğı göstərdiyin bildirib: “Prezident İbrahim Rəisi bütün həyatını İran xalqına fədakar xidmətə həsr etmiş müdrik lider kimi tarixə düşəcək. Belarusun əsl dostu olan, Belarus-İran əməkdaşlığının inkişafına böyük əhəmiyyət verən Prezidentlə görüşlər, söhbətlər haqqında ən xoş xatirələrimi həmişəlik yaddaşımda saxlayacağam”. Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel də İrana başsağlığı verənlər sırasında olub. Mişel "X"də yazıb ki, AB Prezidenti və XİN başçısı başda olmaqla helikopter qəzasında həlak olanlarla bağlı səmimi başsağlığı verir: "Düşüncələrimiz həlak olanların ailələri ilədir". İranın sayca 8-ci Prezidenti olan İbrahim Rəisi 1960-cı ildə Məşhəd şəhərinin Noqan məhəlləsində anadan olub. 15 yaşında İranın dini-siyasi, ideoloji mərkəzi sayılan Qumda təhsil alıb. İxtisasca hüquqşünas olan İbrahim Rəisi 1981-ci ildə Kərəc şəhərinin prokuroru vəzifəsində çalışıb. Daha sonra isə Həmədan vilayətinin prokuroru olub. Az müddət sonra isə Loristan, Səman və Kirmanşah bölgələrinin prokuroru olub. Rəisi 1989-cu ildə Tehranın baş prokuroru təyin edilir. O, 1994-cu ildə ölkənin Müfəttişlik Təşkilatının sədri seçilib, 10 il bu vəzifəsində çalışıb. 2004-cü ildən 2014-cü ilədək ölkənin Ali Məhkəmə sədrinin birinci müavini və 2014-2015-ci illərdə isə İranın baş prokuroru postunda fəaliyyət göstərib. 2015-ci ildə ölkənin ali dini lideri tərəfindən ruhanilərə özəl məhkəmənin rəhbəri olaraq təyin olunub. 2021-ci ildə keçirilən prezident seçkilərində qalib gəlmişdi. Qeyd edək ki, hadisə barədə məlumat yayılandan dərhal sonra Azərbaycan ən yaxın qonşu olduğunu və humanist dəyərlərə sadiqliyini bir daha sübut etdi. Prezident İlham Əliyevin İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması barədə xəbərə dərhal reaksiya verərək Azərbaycanın qarşı tərəfə hər cür dəstək göstərməyə hazır olduğunu bildirməsi və helikopterin axtarışı üçün kömək təklif etməsi əsl qonşuluq nümunəsidir. Azərbaycan axtarış üçün İrana yardım təklif edən ilk ölkə oldu. Məhz Azərbaycandan sonra digər ölkələr də İrana yardım təklif etməyə başladılar. Həmçinin qardaş Türkiyə hökuməti də İbrahim Rəisinin helikopterinin qəza enişi etdiyi bölgəyə "Akıncı" pilotsuz uçuş aparatı (PUA) və gecə görmə qabiliyyətinə malik helikopter ilə xilasedici qruplar göndərdi. Rəsmi Tehran Azərbaycan və Türkiyənin bu xoşməramlı niyyət və addımlarını da unutmamalıdır.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan açıqlamasında deyib ki, İranın ümumiyyətlə, texnologiya sahəsində səriştəsinin olmaması və prezidentin səfərinin təhlükəsizlik qaydalarına tam riayət olunaraq təşkil olunmaması ehtimalları var ki, bunun da qəsdən, yaxud bilmədən baş verdiyi məlum deyil:
"Ancaq daha çox təbii qəzaya bənzəyir. İranın hüquq-mühafizə orqanları, ekspertlər, mütəxəssislər bununla bağlı dəqiq rəy verəcəklər. Araşdırmalar aparılmamış fikir yürütmək doğru olmaz. Ehtimal olaraq çox şey demək olar. Ancaq ən doğrusu ekspertlərin, hüquq-mühafizə orqanlarının rəyindən sonra məlum olacaq".