Keşişin aksiyalara qatılması oyundan başqa bir şey deyil -ŞƏRH

Ruhani şəxsin siyasətlə məşğul olması qəbuledilməzdir.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan keşiş Baqrat Qalstanyanın delimitasiya prosesinə etiraz edənlərə başçılıq etməsi ilə bağlı jurnalistlərə deyib.

"Siyasət ticarətdir, İncildə isə deyilir: "Mənim atamın evini bazara çevirməyin!". Sizə elə gəlir ki, beynəlxalq tərəfdaşlarla danışıqlar aparmağımız ticarət deyil? Koalisiyaların yaradılması, siyahıların tərtib olunması - bütün bunlar ticarətdir. Kilsə isə öz işini buraxıb hazırda bununla məşğul olur", - o deyib.

Simonyanın fikirlərinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, bu gün Ermənistan dindən öz çirkin məqsədləri üçün istifadə etməyə çalışır:

“Keşiş Baqrat Qalstanyan və ll Qaregin Ermənistanda siyasiləşərək hakimiyyətə qarşı mübarizə göstərirlər. Bu isə qəbuledilməz məsələdir. Əsirlər boyu Ermənistan gəncliyinin beyninin pozulmasında, etnik nifrət zəmnində dözümsüzlüyün artmasında kilsənin də böyük rolu var. İndi də Ermənistan kilsəsi həmin uyğunsuz tarixi missiyasını davam etdirməklə məşğuldur. Eyni zamanda, erməni ictimai rəyində Ermənistandakı kilsə xadimlərinin siyasi bəyanatlarının güclü dayaqları mövcud deyil. Ermənistandakı xalq başa düşür ki, kilsənin siyasiləşməsi və Nikol Paşinyana qarşı mübarizə aparılması rəsmi İrəvan üçün daha problemli hadisələrə səbəb ola bilər. Keşişin aksiyalara qatılması oyundan başqa bir şey deyil. Paytaxt İrəvana yürüş edən keşişin aksiya çağırışına normal reaksiya verilmədi”.


Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən aksiyalara başçılıq edir.