Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
Bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır.
Milli Məclisin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, partiya olaraq parlament seçkilərinin hazırlıqlarına başlamışıq:
“Bir neçə müddətdir ki, idarələr üzrə namizədlərimizi müəyyən edir, sənədlərlə bağlı qaydalara nəzarət yetiririk. Azərbaycan qanunvericiliyinə görə parlament seçkiləri gələn ilə qala bilməz. Milli Məclisin növbədənkənar sessiyasının çağrılması parlamentin özünü buraxması məntiqini ortaya qoyur. Parlament seçkilərinin növbədənkənar şəkildə keçirilməsi lazımlıdır. Çünki bu parlament xalqın heç bir ümidlərini doğrultmadı. Parlamentdə rəqabətçi qüvvələrin olması və demokratik mənzərənin yaranması Azərbaycanın xarici siyasətində dövlət maraqlarına cavab verərdi. Parlament peşəkar siyasətçilərlə təmsil olunmalıdır. Biznesin üstündən və kiməsə görə parlamentdə çalışmaq düzgün deyil”.
Qeyd edək ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda noyabrın 3-ü parlament seçkilərinin keçirilməli olduğunu, lakin COP29-a görə vaxtın irəli çəkilməsinin mümkünlüyünü açıqlamışdı.